Futbol üzrə Azərbaycan milli komandasının və “Neftçi”nin qapıçısı Rza Cəfərov daha doğma gəldiyi üçün “Qəbələ”yə keçməyə qərar verib.
Arena.az xəbər verir ki, gənc qolkiper bu barədə bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.
Rza “Qəbələ”yə qayıtdığı üçün xoşbəxt olduğunu vurğulayıb:
“İllər sonra yenidən bu meydanda məşq etmək və bu komandanın şərəfini qorumaq mənim üçün çox xoşdur. Başqa klublardan da təkliflərim var idi. Lakin “Qəbələ” mənə daha doğma gəldiyi üçün buranı seçdim. Gənc bir futbolçu kimi inanıram ki, bu klubun bazası, meydanları və peşəkar məşqçi heyəti inkişafımda mühüm rol oynayacaq”.
Rza Cəfərov azarkeşlərə müraciət edərək, onlara səbirli olmağı tövsiyə edib:
“Bura gəlməmişdən əvvəl azarkeşlərdən çoxlu dəstək mesajları alırdım. Buna görə hər birinə təşəkkür edirəm. İnanıram ki, hər şey yaxşı olacaq və komandamız qələbələrlə azarkeşləri sevindirəcək”.
Xatırladaq ki, “Qəbələ” Cəfərovu mövsümün sonuna qədər “Neftçi”dən icarəyə götürüb. Qapıçının paytaxt klubu ilə müqaviləsinin müddəti isə 2027/2028-ci illər mövsümünün sonunadək qüvvədə olacaq.


