“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş oyunu Ağdam təmsilçisinin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Belə çətin hava şəraitində komandanın yanında oldular. Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Birinci hissənin əvvəlində “Şamaxı” bizdən daha aqressiv idi. İkinci hissədə oyunu ələ ala bildik. Futbolçular belə meydançada topa nəzarət etməyi bacardılar. Bunun sayəsində son saniyələrdə qələbə qolu vuruldu. Qarşıdakı oyunlara hazırlaşacağıq.
“İmişli” ilə matçda heyətdə hansısa dəyişikliklər ola bilər. Bu heyət əvvəlki matçda oynamamışdı. Bir az istirahətə ehtiyacları var idi. Yəqin ki, bəzi rotasiyalar edəcəyik. Bəzi futbolçulardan narazılığım var. İstədiyim performansı göstərə bilmirlər. Belə şəraitdə keyfiyyət göstərmək elə də asan deyil. Amma elə elementlər var ki, onları vaxtında etmək lazımdır”.
Qurban Qurbanov Nəriman Axundzadənin ABŞ klubuna keçidinə də toxunub:
“Danışıqlar ciddi gedir, sona yaxınlaşır. Bu gün də oyundan sonra bir futbolçu mənə yaxınlaşıb dedi ki, yaxşı təklifim var. Bunları əldə saxlamaq heç də asan deyil. Sakitləşdirməyə çalışırıq, başqa xəbərlər gəlir. Futbolçunu da başa düşmək lazımdır. Elə yerlərdən təkliflər gəlir ki, ora ancaq pula görə getmək olar. Elə pul təklif edirlər ki, futbolçular “yox” deyə bilmirlər. Belə problemlərimiz var. Yenə də oyunlara yaxşı motivasiya ilə hazırlaşmağa çalışırıq.
Nəriman kimi oyunçunun komandadan getməsi bizim üçün heç də ürəkaçan deyil. Son vaxtlar baş verən məlum məsələlərə görə getməsi lazım idi. Çünki özündə deyildi. Hər gün fərqli fikirdə idi. Yəqin nəsə oxuyub gəlirdi, qarşısına nəsə çıxırdı. Toparlanması üçün getməyə ehtiyacı var idi. Buna görə belə addım atdıq. Son iki ildə böyümək üçün çox əziyyət çəkib. İnanıram ki, daha yaxşı Nəriman görə biləcəyik.
Bəhlul Mustafazadənin də Çin klubuna keçidi mümkün idi. Bir neçə detal oldu. Bəhlulla danışmışdım, razılaşmışdıq. Onun tərəfində idim. Bəzi detallar var. Çox da dərinə getməyək”.


