Qurban Qurbanov: “Çempionluq üçün hər şeyi etdik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqibi təbrik edirəm. Çempionluq üçün istəkli idilər və bu il nail oldular. Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm.

Məğlubiyyətə konkret səbəb görmürəm. Bu gün müdafiə futbolu sərgiləyə bilərdik. Sadəcə, biz oyunun gedişatında uyğun qərarlar verdik. İlk yarıda Patrik Andradeni, ikinci hissədə isə Mahir Emrelini itirdik. Üçüncü hücumçunu meydana buraxdıq. Rahil Məmmədov da oyunun gedişatına uyğun əvəzləmə idi. Buraxdığımız qol anında Rahil yox, başqa futbolçu da orada ola bilərdi.

Ümumi baxanda görünən odur ki, rəqibin bizdən 9 xal alması həlledici oldu. Tofiq Bəhramov adına Respublika Stadionunda 1:2 hesabı ilə uduzduğumuz oyun möcüzə kimi idi. Hər şey bir yuxu kimi oldu. Faciəvi bir oyun idi və maraqlı ssenari alındı. Daha da ürəkli olmalıyıq və ruhdan düşməli deyilik.

Mübahisəli epizodlara gəlincə, kimə nə cür sərf edirsə, elə də deyə bilər. Birinci epizodda penalti olduğu görünür. Amma özümə haqq qazandırmaq istəmirəm. Mənim fikrimcə, var idi, mənə belə sərf edir. Samir Abasovun fikrincə, yox idi, ona elə sərf edir. (gülür)

Mən həmişə ümumi işi götürürəm. Futbolçularımız neçə ildir əziyyət çəkir. Milli komandada, avrokuboklarda və çempionatda çox oyuna çıxırlar. Uğur əldə ediləndə futbolçulardan növbəti uğur istənilir. Neçə illərdir əziyyət çəkirik, daim çalışırıq ki, komandanı tempdə saxlayaq.

Bu mövsüm UEFA Konfrans Liqasında çıxış edəcəyik. Bizim kimi, orada da çempionatlarında məğlub olanlar iştirak edəcək. Maraqlı turnir olacaq. Hazırda oyunçulara istirahət lazımdır. Konfrans liqası yeni turnirdir. Komandamızın istirahətə çox ehtiyacı var. Çalışacağıq ki, Konfrans Liqasında maksimumu edək.

Torpaqlarımızın qayıtması mənim üçün böyük qalibiyyətdir

Torpaqlarımız işğaldan azad olunub. İndi özümü klubda daha rahat hiss edirəm. Daha əvvəl daim qorxu və həyəcan var idi. Düşündüklərimi tam yerinə yetirə bilmirdim. Əvvəl məndə gərginlik daha çox idi, nəinki indi. İndi daha ürəkli oynamaq istəyirəm.

Torpaqlarımızın qayıtması mənim üçün böyük qalibiyyətdir. Hər zaman legionerlərə bu barədə məlumat verirdik. İşğaldan azad olunmuş Ağdamda oynamaq fikri daim var. Amma hələ ora getmək üçün tezdir. Hazırda bərpa və tikinti işləri gedir. Gözləməliyik. Daim oraya getməyə hazırıq. “İmarət” stadionuna oyunçular getmişdi, mən isə müəyyən səbəblərdən gedə bilmədim.

Hər bir azarkeş gözləyir ki, komandaları çempion olsun. Bu gün bazadan çıxanda orada xeyli fanat var idi. Sadəcə, onlara görə təəssüflənirəm.

Son iki ildə komandadan çox futbolçu gedib. Onların yerini doldurmaq asan deyil. Bu gün “Barselona” da 4-5 futbolçunun yerinə oyunçu tapa bilmir.

İnsan daim sağlam ola bilməz. Bu il çox problemli oldu. 3-4 tur əvvəl sevindim ki, futbolçularımızın hamısı geri qayıdır. Amma Filip Ozobiç və Şahruddin Məhəmmədəliyev zədələndi. Bu gün isə daha iki oyunçunu itirdik. Bizim üçün çox gərgin il oldu. Avropa Liqasının pley-off oyunu vaxtı ölkəmizdə müharibə gedirdi. Mənim həmin gecə nələr keçirdiyimi Allah bilir. Yenə də şükürlər olsun ki, uğur əldə etdik. Biz belə gərgin oyunlarda İsmayıl İbrahimliyə və Elvin Cəfərquliyevə güvəndik. Çempionluğu itirdik, amma çox şey qazandıq. Çempionluq üçün hər şeyi etməyə çalışdıq. Amma il boyu, mövsüm ərzində əlimizdən gələni etdik. Paltardəyişmə otağında futbolçulara ilk sözüm o oldu ki, məğlub olmağı bacarmalıyıq. Hamımız bilirik ki, hər bir komanda bizə qarşı istəklidir. Bu il ən çox topa sahib olduğumuz, qol epizodu yaratdığımız və oyun sayına görə ən çox fərqləndiyimiz mövsüm oldu”.

Xəbəri sosial şəbəkələrdə paylaş: