“Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 26-cı turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü Gəncə təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Aprel döyüşlərində şəhid olan oğullarımıza Allahdan rəhmət diləyirəm. Allah ailələrinə səbir versin. Ardıcıl uğurlu oyunlardan sonra belə nəticəni, yəni nə vaxtsa uduzacağımızı gözləyirdim. Çox yaxşı 4 turdan sonra bir səhvimizin olacağını ehtimal edirdim. Hiss olunurdu ki, meydançada “Qəbələ” qələbəni bizdən daha çox istəyir. İkinci hissədəki xırda səhvlərimiz qapımıza qolla nəticələndi. Rəqibimizi təbrik edirəm. Çempionat davam edir. Önümüzə baxacağıq.
4-5 turdan sonra bir zəif oyun olmalıdır. Qismətdən bu günə düşdü. Biz ən az legioneri olan komandayıq. Ələ düşən epizodlardan yararlana bilmiriksə, çətinlik çəkirik. Uğurlu nəticələr qazandığımız oyunlara baxsanız, onda epizodları dəyərləndirə bilmişdik. Bu gün adi 3 epizodda qol şanslarımızı dəyərləndirə bilmədik. Bu da məğlubiyyətə gətirib çıxarır. Futbolçulara deyirəm ki, rəqibin kimliyindən asılı olmayaraq, meydançada maksimum konsentrasiya olmalıdır”.
Bağırov klubla yeni müqavilənin bağlanmasından da söhbət açıb:
“Yeni müqavilə imzalamamışıq. Amma bəzi söhbətlərimiz olub. Bəzi məqamlara toxunmuşuq. Maliyyə tərəfləri tam bilinəndən sonra… Yəni, büdcəmiz nə qədər olacaq, filan ondan sonra rəhbərliklə birlikdə danışacağıq. Bizim planımız var və ona uyğun da işimizə davam edirik”.


