Qurban Qurbanov: “Bu qələbə futbolçulara rahatlıq verə bilər”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 29-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşü “Qarabağ”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Yaxşı oyun göstərdilər və vacib 3 xal qazandıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.

Bu oyunda bəzi rotasiyalara etmişdik. Futbolçuların hazırlığına görə bu addımı atdıq. Sıx qrafikdə oynayırdıq. Bəzi oyunçuların yorğunluğu var idi. Ona görə rotasiyalar etdik. Futbolçular yaxşı məşq edirdilər, hazırlaşırdılar. Özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər.

“Neftçi” ilə oyuna hazırlaşmağa bir o qədər vaxtımız da olmadı. Komanda şəklində bir məşqimiz oldu. “Neftçi”yə qarşı oynayırıqsa, futbolçulara çox motivasiya vermək lazım olmur. Onlara qarşı oynamaq xoşdur. Azarkeşlər üçün də yaxşı oyun alınır. Vacib olan bundan sonrakı oyundur. Komandanı ona düzgün hazırlaşdırmağa çalışacağıq. Böyükhesablı qələbə futbolçulara rahatlıq verə bilər. Növbəti oyuna hazırlaşmaq daha çətin olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: