Bruno Fernandes – 2025/2026 mövsümünün ən yaxşı oyunçusu!

Portuqaliya millisinin və “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes İngiltərədə cari mövsümün ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, İngiltərə Futbol Jurnalistləri Assosiasiyası 2025/2026-cı illər mövsümünün ən yaxşı oyunçusunu seçib.

Mükafat Bruno Fernandesə təqdim edilib. Müvafiq mükafat Fernandesin futbolçu karyerasında ikincidir. Daha əvvəl portuqal futbolçu 2019/2020-ci illər mövsümündə də təltif edilmişdi.

Qeyd edək ki, bu mükafat İngiltərə futbolunda ən nüfuzlu fərdi mükafatlardan biri hesab olunur və hər il jurnalistlərin səsverməsi ilə sahibini tapır.

Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvar ayında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən tamhüquqlu əsasda keçib. Fernandesin İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 36 oyun keçirib, 8 qol vurub, 22 məhsuldar ötürmə verib.

Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 326 oyun, 106 qol və 108 məhsuldar ötürmədən ibarətdir.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 87 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 28 qol vurub, 26 məhsuldar ötürmə verib.

Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” klubları və Portuqaliya yığması ilə bağlıdır.

“Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: