Qurban Qurbanov: “Qarabağ” üçün uğurlu mövsüm oldu”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 33-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, mövsümün son turu çərçivəsində Sumqayıtda üz-üzə gəlmiş komandaların görüşü “Qarabağ”ın 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər iki komandanın oyunçuları yaxşı oyun göstərdilər. Bütün komandalara təşəkkür etmək istəyirəm. Maraqlı çempionat oldu. Öz azarkeşlərimizə də minnətdarlığımı bildirirəm. Bizim işimiz hələ davam edir. Transfer dönəmi və növbəti mövsüm üçün hazırlığımız olacaq. İkinci pillədə olmağımıza baxmayaraq, yaxşı bir mövsüm keçirdik. Bu da bizim üçün təcrübə idi.

Ümumi götürsək, “Qarabağ” üçün uğurlu bir mövsüm oldu. Çempionlar Liqasında irəliləyişimiz və pley-off mərhələsində oynamağımız Azərbaycan futbolu üçün də bir uğur idi.

Komandada gedəcək və yeni gələcək futbolçular barədə yaxın günlərdə daha doğru cavab vermək olar. Bu yöndə işlər gedir. Xəbərlərimiz olacaq. Rəsmi saytımızda bununla bağlı məlumat veriləcək.

Elvin Cəfərquliyevlə bağlı hər bir klubla danışığa açığıq. Çünki bizimlə müqaviləsi var. Başqa komanda ilə razılığa gəlinməsə, komandadakı durumu ilə bağlı sonra qərar verəcəyik. Ramil Şeydayev barədə də yaxın günlərdə qərar verəcəyik. Zəkəriyyə Savo transferi barədə isə demək olar ki, müsbət irəliləyiş var. Həllolma mərhələsindədir”.

Xəbəri sosial şəbəkələrdə paylaş: