Marko Silva – “Benfika”nın yeni baş məşqçisi

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Fulhem”dən ayrılan Marko Silva “Benfika”nın baş məşqçisi təyin edilib.

Arena.az bu barədə sözügedən Portuqaliya klubun rəsmi saytına istinadən məlumat verir.

48 yaşlı portuqal mütəxəssislə müqavilənin müddəti 3 illikdir. O, 2029-cu ilin 30 iyununadək “Benfika”nın sükanı arxasında çalışacaq. Silva bu postda bir neçə gün öncə Madrid “Real”ına baş məşqçi təyin edilmiş həmyerlisi Joze Mourinyonu əvəz edib.

Xatırladaq ki, Marko Silva məşqçilik karyerasına 2011-ci ildə Lissabon “Eştoril”ində başlayıb. Ardınca Lissabon “Sportinq”ini, Yunanıstan “Olimpiakos”unu çalışdırıb. Daha sonra Silva İngiltərəyə üz tutub və “Hall Siti”, “Uotford” və “Everton” kimi komandalarla işləyib. Portuqal mütəxəssis 2021-ci ilin iyul ayından “Fulhem”i çalışdırırdı.

“Fulhem” Marko Silvanın rəhbərliyi altında bütövlükdə 229 oyuna çıxıb. Premyer Liqa təmsilçisi bu görüşlərdə 104 qələbə qazanıb, 42 heç-heçə edib və 83 məğlubiyyətə üzülüb.

Silva “Eştoril” ilə Portuqaliya Sequndasını qazanıb (2011/2012). “Sportinq”lə Portuqaliya Kubokunun qalibi olub (2014/2015). “Olimpiakos”la Yunanıstan Super Liqasında çempionluğu bayram edib (2015/2016). 2021/2022 mövsümündə isə o, “Fulhem”lə Çempionşipi qazanaraq, “bağçılar”ı Premyer Liqaya qaytarmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: