Premyer Liqada 2026/2027-cı illər mövsümünə hazırlaşan “Qəbələ”nin yay təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunları məlum olub.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, komanda hazırlıq müddətində 5 matçda meydana çıxacaq. “Qırmızı-qaralar”ın ilk oyunu iyulun 14-də “Kəpəz”ə qarşı olacaq. Daha sonra iyulun 19-da “Sumqayıt”, 25-də “Şəfa”, 31-də “İmişli” və avqustun 4-də “Şamaxı” ilə matçlar planlaşdırılır.
Qeyd edilir ki, yalnız “Sumqayıt”la oyun rəqib meydanında keçiriləcək. Digər görüşlər Qəbələdə təşkil olunacaq.
Xatırladaq ki, “Qəbələ” 2025/2026-cı illər mövsümündə keçirdiyi 33 oyunda 7 qələbə qazanıb, 6 heç-heçə edib, 20 məğlubiyyətə üzülüb. 27 xal toplamış komanda 12 iştirakçı arasında 11-ci yeri tutub, elitada qalmaq üçün “Mingəçevir”lə pley-off oyununda qələbə qazanmaqla Premyer Liqadakı yerini qoruyub.


