2026/2027-ci illər mövsümünə hazırlığını davam etdirən “Qəbələ” və “Şəfa” komandaları bu gün yoxlama oyununda qüvvələrini sınayıblar.
Arena.az xəbər verir ki, sözügedən kollektivlər bu gün Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.
İlk yarısı qolsuz bitmiş oyunun ikinci hissəsində komandalar hərəyə bir dəfə fərqləniblər. Meydan sahiblərinin İsaak Amoa hesabı açsa da, rəqib hesaba tarazlıq gətirib. Paytaxt klubunun heyətində İsmayıl Zülfüqarlı matçın sonlarında təyin edilmiş penaltini dəqiq yerinə yetirib – 1:1.
Xatırladaq ki, “Qəbələ” daha öncə keçirdiyi yoxlama oyunlarında “Kəpəz”ə 2:1 hesabıyla qalib gəlmiş, “Sumqayıt”la heç-heçəyə razılaşmışdı – 1:1. Növbəti oyununu iyulun 31-də keçirəcək “qırmızı-qaralar” “İmişli” ilə üz-üzə gələcəklər. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.
“Şəfa” isə ilk sınaq matçında “İmişli” ilə 2:2 hesablı heç-heçəyə razılaşmışdı. Bakılılar növbəti yoxlama matçını iyulun 31-də “Araz-Naxçıvan”a qarşı keçirəcəklər.


