“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın yeni mövsümünün ilk turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, əyalət təmsilçilərinin bu gün Tovuzda baş tutmuş görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Berdıyev qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çempionatın ilk oyunu hər zaman çətin keçir. Şadam ki, qələbə qazandıq. Çox vacib qələbə oldu. Tavareslə Balaunun debütünə gəlincə, hər ikisi komandaya yaxşı adaptasiya olublar. Balaunu transfer etdiyimizə görə şadıq. Tavares də bu gün başqa səviyyədə oyun göstərdi. Bu da rəqabətin güclü olacağından xəbər verir. İki futbolçumuzun zədələnməsinə gəlincə, bunların hər ikisi fiziki təmasla bağlı oldu. Bu, təlim-məşq toplanışı ilə bağlı ola bilməz”.
“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze isə komandasının ilk turdakı məğlubiyyətinə belə aydınlıq gətirib:
“Turan Tovuz”u qələbə münasibətilə təbrik edirəm. Həmçinin “Sabah”ı və “Qarabağ”ı avrokuboklardakı uğurlu çıxışları münasibətilə təbrik edirəm. İnanıram ki, onlar eyni ruhda davam edəcəklər.
Maraqlı oyun alındı, meydanda bərabər mübarizə gördük. İlk hissədə bir səhvə yol verdik və nəticədə qol buraxdıq. Ümumilikdə, “Turan Tovuz”un ciddi qol epizodları çox olmadı. İkinci hissədə rəqibə təzyiq göstərə bildik və daha yaxşı oynadıq. Lakin son ötürmələrdə və zərbələrdə soyuqqanlılıq çatmadı. Bu heyətlə ilk oyunumuzu keçirdik. Yoldaşlıq görüşlərində bu heyətlə oynamamışdıq. Mən bu komandanın potensialını gördüm. Düşünürəm ki, bu komanda daha yaxşı nəticələr əldə edə bilər. Bu oyunda komandada böyük potensial gördüm və ümid edirəm ki, bunu göstərəcək. Bu gün ötən mövsümü üçüncü pillədə başa vurmuş klubla oynadıq və ondan heç nədə geri qalmadıq. Bəzi epizodlarda hətta daha yaxşı idik”.


