Joao Palinya “Benfika”da – Rəsmi

“Bayern”in (Almaniya) və Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Palinya bundan sonra “Benfika”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

31 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulmuş 5 illik müqavilə imzalayıb. “Benfika” bu transfer üçün Almaniya nəhənginə 14 milyon avro ödəyib. Bu məbləğ müəyyən edilmiş hədəflərə çatılacağı təqdirdə daha 5 milyon avro artacaq. Portuqaliya millisinin üzvünün sözləşməsində 50 milyon avroluq xitam tazminatı nəzərdə tutulub.

Palinya Lissabon “Sportinq”inin məzunudur. Joao vaxtilə icarə əsasında “Moreyrense”, “Belenenseş” və “Braqa”da, həmçinin tamhüquqlu əsasda “Fulhem” və “Bayern”də çıxış edib. Ötən mövsümü isə o, “Tottenhem”də icarədə keçirib.

Joao Palinya “Bayern”ə 2024-cü ilin iyul ayında “Fulhem”dən tamhüquqlu əsasda keçmişdi. Almaniya nəhəngi müvafiq keçid müqabilində “Fulhem”ə 51 milyon avro məbləğində ödəniş etmişdi. Palinya “Bayern” üçün ümumilikdə 25 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Palinya 2021-ci ilin mart ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 37 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: