“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 3-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qapılara qol vurulmayıb.
Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk 15 dəqiqəni yaxşı keçirdik. Epizod yaratdıq, amma onu qolla tamamlaya bilmədik. Oyunun qurulmasında çox şey asılı olan futbolçular var. Təəssüf ki, Bruno Silva özünü göstərə bilmədi. O, digər cinah oyunçumuz Meşak Uboçioma ilə birlikdə komandanın oyununu anlamağa başlamalıdır. Oyunun tempini başa düşməlidirlər. Mən bunu çoxdan deyirəm, Azərbaycan çempionatında oyunların tempi yüksəlib. Daha sonra yenidən təzyiq etməyə başladıq. Bir çox epizod yaratdıq, amma qol vura bilmədik. Təşəbbüsümüzü reallaşdıra bilmədik.
Təbii ki, rəhbərlik və azarkeşlər tərəfindən təzyiq olacaq. Üç oyundur qol vura bilmirik. Bu, normal deyil. Bu vəziyyət həm məşqçilər korpusuna, həm də futbolçulara təzyiq yaradır. Amma bu gün istədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik”.
“Şamaxı”nın baş məşqçisi Azər Bağırov isə heç-heçəyə belə şərh verib:
“Qəbələ” mövsümün əvvəlindən ən yaxşı oyununu keçirdi. Bizim üçün çətin oldu. Bunun öhdəsindən gəldik və 1 xal qazandıq. Bu vəziyyətdə nəticə pis deyil. Hücumlarda daha diqqətli və dəqiq oynamalı idik. Ümumilikdə, futbolçularımdan razıyam. Səhvlərimiz var, amma nikbinəm. Növbəti oyunlara fokuslanacağıq.
Yaxşı olardı ki, öz azarkeşlərimizin qarşısında oynayaq. Amma futbolçularım bu vəziyyətdən sonra daha da bərkiyəcəklər. “Qarabağ”, “Turan Tovuz” və “Qəbələ” ilə səfərdə oynadıq. Oyundan-oyuna nələrisə qazana bilirik. Bu da müsbət haldır. Səhvlərimiz də var, onların üzərində işləyəcəyik. Qarşıda yenə səfər oyunumuz var. Nikbin qalırıq. Stadionumuzun işıqlandırma məsələsi də həll olunacaq və azarkeşlərimizi öz oyunlarımızla sevindirəcəyik”.


