Fərid Namazov: “Mükafat prestijdən önəmli deyil”

“İmişli”nin baş məşqçisi Fərid Namazov Premyer Liqanın 3-cü turu çərçivəsində “Şəfa”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “İmişli”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Fərid Namazov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Görüşün ağır keçəcəyini öncədən bilirdik və hazırlığımızı da buna uyğun qurmuşduq. Qarşılaşmanın böyük hissəsində üstünlüyü əlimizdə saxladıq. Yeganə narazı qaldığım məqam yaradılan qol imkanlarını dəyərləndirə bilməməyimizdir.

Mükafat futbolun ayrılmaz hissəsidir və bu məsələdə müəyyən nüanslar var, lakin prestij maliyyədən daha önəmlidir. Meydanda pul rol oynamır. Bizim üçün əsas prioritet klubun prestijidir. Reallıq budur ki, böyük büdcəli klublarla daha məhdud imkanlara malik komandalar arasında həmişə müəyyən fərq olacaq. Yeri gəlmişkən, “Sabah”ı Çempionlar Liqasındakı uğurlu çıxışı münasibətilə təbrik etmək istəyirəm. Bizim əsas məqsədimiz isə turnir cədvəlində daha yüksək pillələr uğrunda sonadak mübarizə aparmaqdır”.

“Şəfa”nın baş məşqçisi Zaur Həşimov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Maraqlı və yaxşı oyun alındı. Hər iki tərəfin düşündüyü hücum planları var idi. Meydanda temp, dinamika və əsl mübarizə izlədik. Təəssüf ki, ikinci hissəyə yaxşı başlamadıq. İlk turda olduğu kimi, bu matçda da ikinci hissənin əvvəlində qol buraxdıq. Rəqibin ikinci hissənin ilk 10 dəqiqəsini bizdən üstün keçirməsi və yaratdığı imkandan istifadə etməsi oyunun taleyini həll etdi. Buna baxmayaraq, komandamın performansından narazı qalmadım. Üçüncü matçımız üçün kifayət qədər yaxşı çıxış etdik. Sürətli hücumlarımız və real qol epizodlarımız oldu. Çempionat uzun marafondur. Əminəm ki, bu yolda məqsədimizə çatmaq üçün var gücümüzlə çalışmağa davam edəcəyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: