Kristiano Ronaldo: “Mən tarixin ən böyüyüyəm!”

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən böyük oyunçusu hesab etdiyini bildirib.

Arena.az xəbər verir ki, 41 yaşlı futbolçu bu barədə “CNN Portugal” telekanalına müsahibəsində danışıb:

“Mən tarixin ən böyüyüyəm, nöqtə! Söhbət vurulan qollardan gedirsə, rəqəmlər hər şeyi deyir. Məndən daha yaxşı futbolçu tanımıram. İnsanlar hazırda hansı formada olduğumu və vurduğum qolları qiymətləndirmirlər. Əgər 1000 qol həddinə çatsam, bu, möhtəşəm olacaq”, – deyə Ronaldo bildirib.

Qeyd edək ki, portuqaliyalı hücumçu karyerası ərzində 980 qol vurub. Onun 834 qolu klub səviyyəsində, 146-sı isə milli komandanın heyətində qeydə alınıb.

Kristiano Ronaldo argentinalı Lionel Messi ilə rəqabətin onu daim motivasiya etdiyini də açıqlayıb:

“Messi ilə rəqabətimiz meydandan kənarda həmişə qarşılıqlı hörmət çərçivəsində olub. Bu, Formula 1-in keçmiş pilotları Ayrton Senna və Alen Prost arasındakı rəqabətə bənzəyir. Biz bir-birimizi daim öz sərhədlərimizi aşmağa sövq edirdik”.

Xatırladaq ki, Ronaldo karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus” klublarında da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: