“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Azərbaycan Premyer Liqasında 8-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Kandido matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu qələbəyə görə xoşbəxtəm. Futbolçularım buna layiq idilər. Bütün bu müddət ərzində çox çalışmışıq və komandanın oyununda yüksəliş gözlənilən idi.
Bu gün oyuna pis başladıq. Bundan narazı qaldım. Rəqib orta xətdə dörd futbolçu ilə oynayaraq bizə sürpriz hazırlamışdı. Bu vəziyyətdən çıxış yolunu tapmaq üçün 10 dəqiqə vaxt sərf etdik. Mübarizələrdə asanlıqla uduzurduq. Rəqibin fərdi baxımdan güclü futbolçuları var. Çox kobud səhvdən sonra qol buraxdıq. Fasilədən sonra dəyişikliklər edərək yaxşı oynadıq. Çoxsaylı qol imkanları yaratdıq. Bu qədər qol epizodundan sonra qələbəyə layiq idik.
Qola qədər qorxaq futbol oynadığımızı düşünmürəm. Amma qoldan sonra sanki ayıldıq və rəqibin üzərinə gedərək qollar vuraraq qalib gəldik. Komandanın 2 hücumçusunu eyni anda itirmək gözlənilməz oldu. Nihad gənc oyunçumuzdur. Əlindən gələni etdiyini düşünürəm. Etimadımızı doğrultdu.
“Zirə”nin oyunlarına baxmışam, amma təhlili gələn həftə aparacağıq. Bu komandaya qarşı uğursuz statistikamızdan xəbərim yox idi. Bu uğursuz seriyaya son qoymağa çalışacağıq”.
“Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov isə komandasının növbəti məğlubiyyətinə belə aydınlıq gətirib:
“Birinci hissədə pis oynamırdıq. Hesabda öndə idik, bunu davam etdirmək lazım idi. Amma futbolçularda inam yox idi və nəticədə qollar buraxdıq. Elə qollar buraxdıq ki, bu cür qollar buraxmaq olmaz. Futbolçular hesabı qorumaq istədilər. Öz səhvlərimizdən qollar buraxdıq”.


