Futbol üzrə İspaniya La Liqasının prezidenti Xavyer Tebas Madrid “Real”ının onun istefasını tələb etməsi barədə açıqlamasına cavab verib.
Arena.az xəbər verir ki, funksioner bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, Madrid klubunun rəhbərliyi Tebasın “Real”ın rəsmi televiziya kanalının fəaliyyətini nasist Almaniyasının təbliğat üsulları ilə müqayisə etməsindən sonra onun dərhal vəzifəsindən ayrılmasını tələb edib.
Xavyer Tebas isə “Real” rəhbərliyinin bu addımını uzun müddətdir davam edən qarşıdurmanın növbəti mərhələsi kimi qiymətləndirib:
“Son 13 ildə “Real” rəhbərlərinin neçə dəfə istefamı tələb etdiyini və ya məni nüfuzdan salmağa çalışdığını artıq saymağı unutmuşam. Bunun üçün hər vasitəyə əl atılıb: İdman üzrə Ali Şuraya (CSD) birbaşa və üçüncü şəxslər vasitəsilə saysız-hesabsız şikayətlər, eləcə də cinayət işləri ilə bağlı müraciətlər. Madrid klubunun son bəyanatı da həmin zəncirin növbəti halqasıdır. Maraqlıdır ki, onlar əsas suallara hələ də cavab verməyiblər.
Madriddə neytrallıqla müstəqillik anlayışlarını açıq şəkildə qarışdırırlar. Tutduğum vəzifə məndən müstəqil olmağı tələb edir. Ancaq bu, ədalətsizlik qarşısında passiv qalmaq və ya “Real”ın televiziyası ilə onun tərəfdarlarının çempionatımıza qarşı davamlı, qeyri-mütənasib və açıq-aşkar təhqiramiz hücumlarına susmaq demək deyil”.
La Liqa rəhbəri “Neqreyra işi”nə də toxunaraq, qurumun ilk gündən bu məsələdə fəal mövqe tutduğunu və İspaniyada hakimlik sisteminin islahatı istiqamətində əhəmiyyətli irəliləyiş əldə etdiyini vurğulayıb.
Xavyer Tebas fikirlərini belə yekunlaşdırıb:
“Mənim bu vəziyyətdən çıxardığım nəticə aydındır: onlar milli çempionatı məhv etməyə çalışırlar. Bu, Super Liqa layihəsi vasitəsilə indiyədək edə bilmədikləri şeydir”.
Qeyd edək ki, “Real”la La Liqa rəhbərliyi arasında gərginlik son illərdə dəfələrlə artıb. Tərəflər arasında əsas mübahisə mövzularından biri Avropa Super Liqası layihəsi, digəri isə İspaniya futbolunda hakimlik sistemi ilə bağlı məsələlərdir.


