“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsrailin “Aşdod” komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən matçdan sonra bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu gün sizə Milli Mətbuat günü münasibətilə qələbə hədiyyə etmək istəyirdik. Amma alınmadı. Futbolçular əziyyət çəkdi. Yaxşı müdafiə olunan rəqibə qarşı çıxış etdik. Futbolçuların nizam-intizamı yerində idi. Sadəcə, əks hücumdan sonra Maksim Medvedev qırmızı vərəqə aldı. Cavab matçında qələbə üçün ən yaxşısını etməyə çalışacağıq. Oyuna qədər vaxtımız var. Bəzi matçlarda Qara Qarayevi müdafiədə oynatmışıq. Müdafiəçilər bir-bir sıradan çıxırlar. Belə hal yaşadığımız anı xatırlamıram. Pandemiya dönəmində oxşar hal baş verib. Qarşıdakı görüşə 6-7 gün var.
Bəzən favorit komandalar yaxşı nəticə qazana bilmir. Hansısa zamanda heyəti dəyişmək lazım gəlir. Bu gün də bizdə bu dəyişiklər gedir. Hər mövqe üçün futbolçu axtarırıq. Belə olan təqdirdə bu cür nəticələr olur. Rəqib buradan bərabərliklə dönür. Oyunumuzu daha da yaxşılaşdıra bilərik. Bərabərlik onlara inam verəcək. Cavab qarşılaşmasında bu inamı onların əlindən almağa çalışacağıq.
Böyük klubların xüsusi transfer büdcəsi olur. Biz bunu daha da artırmalıyıq. Futbolçuların 80-90 faizi Azərbaycana gəlmək istəmir. Bunun pandemiyaya və çempionatın səviyyəsinə görə olduğunu bilmirəm. Çox detallarda razılaşmışıq. Sadəcə, sonda deyiblər ki, bu ölkəyə gəlmək istəmirik. Bundan 7-8 il əvvəl futbolçu gətirmək daha rahat idi. Bəzi problemlərimiz var. Amma biz əlimizdə olan futbolçuları da qoruyub saxlamalıyıq. İkinci yarıda meydana buraxacağımız oyunçular az idi. Öz formalarında deyildilər. Sanki hər şey bizim üzərimizə gəlib. Bu gün çatışmazlıqlarımız var. Daha çox işləməliyik. Daha da yaxşı kollektiv qurmağa çalışacağıq”.
Qurban Qurbanov ot örtüyünün yaxşı vəziyyətdə olmadığını etiraf edib: “Kənardan yaxşı görünürdü. Amma futbolçular istədiklərini edə bilmirdilər. İstəyərdik ki, daha da yaxşı olsun.
Hər zaman qələbə qazanmaq olmur. Biz məsuliyyətlə bu turnirə başlamışıq. Bəzən düşünmədiyimiz nəticələr də olur. Hamı avrokuboklar və azarkeşlər üçün darıxıb. Qarşıdakı turnirlərdə yaxşı nəticələr üçün daha çox çalışmalıyıq.
Ötən mövsüm Avropa Liqasının qrup mərhələsindəki matçlarda futbolçulardan razı qalmışam. Son vaxtlar futbolçularımız zədələnir. Ümid edirəm ki, bütün bunlar düzələcək. Belə getsə, ancaq iki müdafiəçi ilə çıxış edəcəyəm və digər futbolçuları hücuma buraxacağam. (gülür) Futbolçulara müdafiədən oynamaq düşüncəsi yaratmamışam. Öz oyun üslubumuzla rəqib qapısına yaxınlaşmaq istəmişik. Oyun olaraq Xayme Romero, Abdullah Zubir bizim hücumçularımızdır. Hər zaman ön xəttdə fəaldırlar. Bəzən isə rəqibə görə müdafiədən oynamalı oluruq. “Aşdod” isə istəkli komanda idi. İsrail klubları son vaxtlar fərqlənir. Mən bir az rahatam, çünki 5-6 günümüz var. Futbolçularımız daha yaxşı formada olacaqlar. Müdafiəni yaddan çıxarmamalıyıq və digər oyunçularla bu mövqedəki problemi aradan qaldırmalıyıq. Maksim Medvedevdən istədiklərimizi Qara Qarayevdən tələb edə bilmərik. Bu gün Ramil Şeydayevdən tam razı qala bilmərəm. 3-4 gün fərdi məşqlərdən sonra kollektivə qoşulub. Şeydayevin ən üstün cəhəti onun işgüzarlığıdır. Bəzən zəif olsa da, bu keyfiyyəti ilə onu aradan qaldırır. Onun bacarığı, istedadı var. Hazırlığa görə, bu gün çox şey etdi”.


