“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Düşünülən nə var idisə, komandamız onu meydanda nümayiş etdirməyə çalışdı. Bilirdik ki, müəyyən çətinliklər olacaq. Çünki heyət hələ formalaşmaqdadır. Bəzi oyunçular bir həftədir bizə qoşulublar. Onların fəlsəfəmizə uyğunlaşması bir az vaxt aparacaq. Komandaya inamım çoxdur, gələcək oyunlarda da öz məzmunlu oyunu ilə azarkeşləri sevindirməyə çalışacaq. Qapıçının (Nicat Mehbalıyev – red.) oyunundan razıyam. Onun oyununu inamsız adlandırmazdım. Çıxışlarda da yaxşı idi, müdafiəni idarə etməkdə də. Onun artırmaq üçün potensialı da var”.
Elmar Baxşıyev komandaya yeni hücumçunun qoşula biləcəyini də qeyd edib: “Komanda yeni olduğundan bəzi komponentlərin üzərində çalışırıq. Penalti zərbəsi zamanı bir neçə oyunçunun topu götürmək arzusunda olması hücumameylli futbolçuların qol vurmaq istəyindən xəbər verir. Bunu müsbət qarşılayıram.
Rəhbərlik qarşımıza ilk növbədə komandanı formalaşdırmaq vəzifəsi qoyub. Hücum xəttinə yeni futbolçu düşünürük. Ön xətdə sıxıntı da var, maraqlandığımız oyunçu da. Hələ rəsmi razılıq əldə etməmişik. Bu ildən U-19-un gələcək vəd edən futbolçuları da bizimlədir. Onlar akademiyamızın potensiala malik yetirmələridir. Qarşıdakı görüşlərdə bu futbolçuları da meydanda görə bilərik.
Asif Məmmədovun mikrozədəsi var. Ona görə çalışdıq ki, futbolçumuzu qoruyaq. “Neftçi”dən daha çox öz komandamıza nəzər yetiririk. Rəqibdən asılı olmayaraq dominant futbol oynamağa çalışırıq. Bu gün təəccüblü bir şey olmadı, komandanı belə oyuna hazırlamışdıq. Rəqibin üstün və zəif cəhətlərini bilir və bundan yararlanmağı planlaşdırırdıq. Oyunçular bunun öhdəsindən gəlirdi”.


