Qurbanov: “Kayrat”la oyunda mütləq səbirli olmalıyıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Kayrat”a (Qazaxıstan) qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hamımız bu oyuna ciddi hazırlaşmışıq. Oyundan-oyuna məsuliyyət daha da çoxalır. Qrupdakı hər xalın sonda bizə çox böyük köməyi dəyə bilər. Çətin oyun olacaq. “Kayrat” matça çox ciddi yanaşır. Onların “Bazel”lə oyununa baxmışam. Hesabı kənara qoyaq. Bu, bizi aldada bilər. İsveçrə komandasına qarşı yaxşı oynadılar. Rəqibin təcrübəli futbolçuları var. Qalib gəlmək üçün əvvəlki matçlardan daha istəkli olmalıyıq. Hər şeyə əl atacağıq. Futbolçulara inanıram. Onların özlərini yaxşı tərəfdən göstərəcəyini bilirəm”.

Qurbanov “Kayrat”ın fərqli futbol oynadığını bildirib: “Müdafiə futbolu oynayırlar və əks-hücumlara üstünlük verirlər. Biz topun sürətini artırmalıyıq. Mütləq səbirli olmalıyıq. Hər komandanın istənilən rəqibə qalib gəlmək potensialı var. Sonadək hər dəqiqə diqqətli olmalıyıq. Bəzən rəqib də bizim düşünmədiyimizi meydanda edir. Bunlara hazır olmaq lazımdır. Ağıllı müdafiə olunmağı bacarmalıyıq. Oyunun tempini qaldırmağa çalışacağıq”.

Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Kayrat” matçına saat 20:45-də start veriləcək. İki turdan sonra Azərbaycan təmsilçisi 4 xalla qrup lideridir. Qazaxıstan təmsilçisinin isə 1 xalı var və Kipr “Omoniya”sı ilə birgə 3-4-cü yerləri bölüşür. Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda da “Qarabağ” məhz “Kayrat”la qarşılaşacaq. Bu oyun isə noyabrın 4-də keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: