Qurban Qurbanov: “Çox dəyişiklik etməməyə çalışacağıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 finalı çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Asan oyun olmadı. Futbolçularımız hələ istənilən formada deyil. İlk oyunda istədiklərimizin az hissəsini gördük.

Rəqibə gəlincə, “Keşlə” kubok komandasıdır. Bu turnirdə fərqli iştirak edirlər. Bu gün də bunun şahidi olduq. Sanki kubok matçlarında onlara əlavə inam gəlir.

Bizim yaxşı qol epizodlarımız oldu. Rəqibin də imkanları var idi. İlk oyunda qələbə qazana bildik. Amma hələ qarşıda cavab matçı var. Bu oyunda daha ciddi hazırlaşmalıyıq.

İnanıram ki, qış fasiləsindən sonra daha baxımlı mövsüm izləyəcəyik. Premyer Liqada qış fasiləsindən sonrakı ilk matçımız “Neftçi”yə qarşı olacaq. Həmin oyuna hazırlaşmaq üçün 6 gün vaxtımız olacaq. Sabahdan hazırlığa başlayacağıq. Son çempiona qarşı oynayacağımız üçün görüşə çox ciddi hazırlaşmalıyıq.

Avropa Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Olimpik” (Marsel) komandası ilə qarşılaşmaya gəlincə, müəyyən düşüncələrim var. Lakin bunu komandaya hələ bildirməmişəm. Çox dəyişiklik etməməyə çalışacağıq. Xırda elementlərdə bəzi dəyişikliklər ola bilər”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: