“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Bu gün bizim üçün önəmli gün idi. Buna görə qələbə qazanmaq istəyirdik. Yubileydə bu hesabla qalib gəlmək xoşdur. Futbolçularım bəzi məqamları çıxmaq şərtilə hər şeyi düz etdi. Rəqib də yaxşı mübarizə apardı. Seriyamızı davam etdirmək istəyirik. Qarşıda fasilə var. Bu müddətdə zədəlilərimiz də sıraya qayıdacaq. Fasilənin bizə müsbət və ya mənfi təsiri ola bilər. Bunu oyunlar başlayanda biləcəyik. Milli komandalara çox oyunçumuz gedir. Onların necə qayıdacağı da vacibdir”.
Samir Abasov üzləşdikləri çətinliklərdən də söz açıb: “Çempionatın əvvəlində nələr çəkdiyimizi heç kim bilmir. Çox problem yaşadıq. Bəzi əsas futbolçuların gedişi bizə pis təsir etdi. Yavaş-yavaş ayağa qalxmağa çalışırıq. Məni rotasiyalara görə qınayırlar. Amma limitə düşən uşaqlar oturuşmuş komandann üzvləri deyillər. Məcbur olub 2-3 dəyişikliyə əl atırıq. Bu gənclər müəyyən müddətdən sonra komandanın əsas üzvü olacaqlar. Sabir Buqrin, Mamadu Kane kimi futbolçuların gedişi bizə çətinlik yaratdı. Amma əminəm ki, bu heyətlə də bir yerə gəlib çıxacağıq”.
Elmar Baxşıyev: “Ən zəif oyunumuzu keçirdik”
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev isə darmadağını belə şərh edib:
“Neftçi”ni təbrik edirəm. Bəlkə də komanda olaraq mövsümdə ən zəif oyunumuzu keçirdik. Amma inanıram ki, qarşıdakı matçlarda daha məzmunlu oyun görəcəyik. Çətin rəqiblərdir. Əsas rəqiblərimiz olan bu üç komanda ilə əvvəlki dövrələrdə daha çox xal toplamışdıq. Bir oyun digərindən fərqlənir. Bu komandaya inanıram, daha yaxşı olacaq. Futbol ehtimalla deyil, əsas yanaşma düzgün olmalıdır. Sərəncamımda olan futbolçular daha yaxşı nəticəyə köklənə bilər. İlk qolu standartdan, ikincini qapıçının mövqe səhvindən buraxdıq. Sonra toparlanmaq bir az çətin olur. Futbolçunu səhvə görə kəsib atmaq da olmur. Nicatı qazanmalıyıq. O, nə qədər səhv etsə də, ona dəstək göstərəcəyəm. Futbolda səhvsiz mümkün deyil. İnanıram ki, Nicat toparlanacaq və səviyyəsini daha yaxşı göstərəcək”.


