“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, doğma meydanda 1:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qarabağ” çempionatımızın favoritidir. Ümumilikdə, komandamız meydanda əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Düşünürəm ki, baxımlı, dinamik və maraqlı oyun alındı.
Kristof Atanqana ümumilikdə pis çıxış etmədi. Son dəqiqələrdəki penaltiyə gəlincə, ötən tur “Sumqayıt”la qarşılaşmada bizim lehimizə verilməli olan 11 metrlik cərimə zərbəsi buna daha çox oxşayırdı. Əgər belə vəziyyətlərdə penalti verirlərsə…
Qarşılaşmanın qırılma nöqtəsi elə həmin penalti idi. Fikrimcə, orada belə cərimə zərbəsi yox idi. Bizə qarşı fərqli yanaşırlar. Qapımıza dərhal təyin edirlər, amma bizim epizodlara başqa cür yanaşma olur”.
Elmar Baxşıyev son uğursuzluqlara baxmayaraq, iddialarını davam etdirəcəklərini bəyan edib: “Turnirdən qopmayacağıq. Komandama inanıram. Bu heyəti yığanda hamı fikirləşirdi ki, belə büdcə ilə 7-8-ci yerləri tutacaq. Sağlam komandamız var və heyətindəki futbolçularla daha yaxşı nəticəyə qadirdir. Çempionat başlayandan fikrimiz sırf Avropa Liqasına düşmək deyil. Qarşıdakı oyunu düşünürük. Daha yaxşı olmağı fikirləşirik. Hamıda iddia var. Amma bu iddia ilə alışıb-yanmaq heç kimdə yoxdur. İşimizi elə qurmuşuq ki, qarşıdakı görüşü fikirləşirik. Yekunda nəticə necə olacaqsa, bu futbolçulara təşəkkür düşür”.
Qeyd edək ki, Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları aprelin 29-da baş tutacaq. Həmin gün “Qəbələ” Bakıda “Qarabağ”ın qonağı olacaq. Digər yarımfinal cütündə “Neftçi” və “Zirə” komandaları qarşılaşır.


