“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 26-cı turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Düşündüyümüz kimi, ağır oyun alındı. “Neftçi”ni təqdim etməyə ehtiyac yoxdur. Heyəti usta futbolçulardan təşkil olunub. Amma komanda olaraq “Neftçi” ilə layiqli mübarizə apardıq. Düşünürəm ki, layiqli qələbə qazandıq. Komanda verilən tapşırığı yerinə yetirdi. Qarşıda iki oyunumuz qalıb. Bunlar final matçlarıdır. Komanda kimi bu oyunlara köklənib maksimum nəticə qazanmağa çalışacağıq. Xüsusilə də azarkeşlərə təşəkkür edirəm. Möhtəşəm idilər. Sonadək dəstək olsunlar, onları sevindirərik”.
Elmar Baxşıyev gənc Emil Səfərov, həmçinin təcrübəli oyunçular Ürfan Abbasovla Asif Məmmədovun çıxışına da toxunub: “Mən yalnız Emil Səfərovu fərqləndirməzdim. O, komandanın bir üzvüdür. Üzərinə nə düşürsə, maksimumu yerinə yetirməyə çalışmalıdır və borcludur. Heyətimizdə Emildən də dəyərli futbolçular var ki, zədəli ola-ola da hər şeyini meydanda qoyurlar. Xüsusilə də Ürfan Abbasovu fərqləndirərdim. Böyük xarakterə və böyük ürəyə sahib futbolçudur. Bu zədəylə heç bir futbolçu oynamazdı. Amma Ürfan 90 dəqiqə meydanda oldu.
Asif Məmmədov nəinki meydançada, məşq prosesində də ən yaxşılardan biridir. Futbolda yaşa deyil, futbolçunun durumuna baxmaq önəmlidir. Asif hamıya göstərir ki, o yaşda da yüksək səviyyədə futbol oynamaq olar”.
“Neftçi”nin baş məşqçisi Samir Abasov isə məğlub olduqları oyundan sonra bunları dilə gətirib:
“İnamlı çıxış etdik. İlk dəqiqələrdən nəzarəti ələ aldıq. Bu cür təzyiq gözləyirdik. Çünki rəqibə xal lazım idi. Hər şey gözlədiyimiz kimi başladı. Rəqibi qələbə münasibətilə təbrik edirəm”.
Samir Abasov matçın gedişində azarkeşlərin onu istefaya səsləməsinə də münasibət bildirib: “Onlar həyatda mövqeyi olmayan insanlardır. Onlar ötən mövsüm yanımızda fırlanırdılar. Məni buraya azarkeşlər gətirməyib. Klub nə qərar versə, o da olacaq. Azarkeş heç nəyi həll etməyəcək. Boş verin, getsin”.


