Burak Yılmaz “Lill”dən ayrıldı

Fransanın “Lill” klubu türkiyəli hücumçusu Burak Yılmaz ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fransa klubu Türkiyə millisinin sabiq üzvünə xidmətlərinə görə təşəkkür edib. Fransızlar ona “hər şey üçün təşəkkürlər, kral!” deyə, vida ediblər.

Burak Yılmaz 2020-ci ilin avqust ayından “Lill”də çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 72 matçda 25 qol vurub. Türkiyəli futbolçu bu klubla bir dəfə Fransa çempionu, bir dəfə ölkə kubokunun qalibi olub. Ötən mövsümkü çempionluqda məhz Burakın 33 oyuna vurduğu 18 qol, həmçinin 5 məhsuldar ötürmə həlledici olmuşdu.

Təcrübəli forvard da “Lill” ilə vidalaşıb. O, sosial şəbəkə hesabında bu komandanın heyətində qazandığı iki kubokla şəklini paylaşaraq, “Lill”ə və tərəfdarlara təşəkkür edib.

Xatırladaq ki, 36 yaşlı Burak bir neçə ay öncə Türkiyə millisindəki karyerasını da başa vurmuşdu. Millidə 77 oyun keçirib, 31 qol vurmuş futbolçu, “Antalyaspor”, “Beşiktaş”, “Manisaspor”, “Fənərbaxça”, “Əskişəhərspor”, “Trabzonspor”, “Qalatasaray” və “Beijing Guoan” kimi klubların da şərəfini qoruyub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: