Vaqif Paşayev: “Bu, mənim ən xoşbəxt günlərimdən biridir”

Zirə”nin məşqçisi Vaqif Paşayev Premyer Liqanın 28-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov bu mövsüm aldığı dörd sarı vərəqə səbəbindən bu oyunu tribunadan izləmək məcburiyyətində qalıb.

Onu əvəz edən Vaqif Paşayev 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyun çətin keçdi. Çünki futbolçularda narahatlıq var idi. Yenə də sağ olsunlar. Birinci hissədə oyunumuz alınmasa da, ikinci yarıda oyuna tam nəzarət edə bildilər. Mövsümü qələbə ilə başa vurmaq istəyirdik. Amma qol vurmaq cəhdlərimiz alınmadı. Bürünc medal qazandığımız üçün şadıq. Komandamızı təbrik edirəm. Baş məşqçi Rəşad Sadıqovu təbrik edirəm. O, bu mövsüm çox yaxşı işlər gördü. 35 ildir futboldayam. Amma bu, mənim üçün ən xoşbəxt günlərdən biridir”.

Şamaxı”nın baş məşqçisi Rüstəm Əliyev isə qolsuz bitən matçla bağlı bunları dilə gətirib:

“Zirə”ni bürünc medal qazanması münasibətilə təbrik edirəm. Konfrans Liqasına vəsiqə qazandılar, kubokun da finalındadırlar. Onlara uğurlar arzulayıram. Rəqib üçüncü yeri tutub. Bizə gəlincə, komandada psixoloji durum çox pisdir. Ardıcıl məğlubiyyətlər futbolçulara da təsir edir. Ağır oyun olacağını bilirdik. Həftə ərzində oyunçulara tapşırmışdıq ki, özlərinə inamları olsun. Çıxıb döyüşmək lazım idi. Futbolçularım tapşırıqları yerinə yetirdilər. Komandama da uğurlar arzu edirəm”.

Qeyd edək ki, “Zirə” bu heç-heçə nəticəsində xal ehtiyatını 47-yə çatdırıb və 3-cü pilləni tutaraq bürünc medallara sahib çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: