“Şamaxı” yeni baş məşqçisinin adını açıqladı

“Şamaxı” komandasının baş məşqçisi Rüstəm Əliyev istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Rüstəm Əliyev ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Məlumatda o da bildirilir ki, hazırda əsas komandanın məşqçi və futbolçu heyətinin formalaşdırılması ilə bağlı zəruri hüquqi prosedurların icrası həyata keçirilir. Artıq Vüqar Əsgərli ilə əsas komandanın baş məşqçisi qismində, Cavid Hüseynov, Rüstəm Əliyev və Elhad Nəziri ilə baş məşqçinin köməkçiləri kimi münasibətlər rəsmiləşdirilib.

Digər vacib bir təyinat klubun baş meneceri ilə bağlıdır. Bu vəzifəni Kamran İsmayılov icra edəcək.

Digər təyinatlar, komandanın məşqçi və oyunçu heyətinin formalaşdırılması ilə bağlı yeniliklər barədə ictimaiyyətə yaxın vaxtlarda əlavə məlumat verəcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, Rüstəm Əliyev Sənan Qurbanovun istefaya göndərilməsindən sonra komandanın sükanı arxasına gətirlmişdi. 35 yaşlı mütəxəssis aprelin 16-dan komandaya rəhbərlik edirdi. Mayın 24-də isə onun əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunması barədə qərar qəbul edilmiş və 1 illik müqavilə imzalanmışdı. Lakin ondan sonra “Şamaxı”nın idarə heyətinin rəhbəri Zaur Axundovun istefa verməsi bu klubda köklü dəyişikliklərə gətirib çıxarıb.

Sonda onu da bildirək ki, “Şamaxı”nın yeni məşqçisi təyin olunan Vüqar Əsgərli uzun illərdir qadın futbolunda çalışırdı. O, hazırda həm də Azərbaycanın U-19 qızlar yığmasının baş məşqçisidir. 36 yaşlı mütəxəssisin əsas üstünlüyü UEFA-nın məşqçilikdə ən yüksək kateqoriyaya malik olmasıdır. Əsgərli böyük futbol oynayıb, milli çempionatımızın iştirakçısı, yığmalarımızın üzvü olub, MOİK-də məşqçi işləyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: