AFFA “Qəbələ” azarkeşlərinə qadağa qoydu, klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Səbail” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Səbail” klubu 800 manat cərimə olunub. “Səbail”in futbolçusu Nihad Qurbanlı oyunun 40-cı dəqiqəsində rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırımızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə buna görə 200 manat cərimə olunub.

“Zirə” – “Neftçi” oyununda jurnalistlər zona 1-də PFL-in verdiyi akkreditasiyaları üzərlərində görünən şəkildə asmadıqları üçün “Zirə” klubuna xəbərdalıq edilib.

“Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən Şamaxı stadionunda 12 ədəd plastik oturacaq sıradan çıxarılıb. Stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən tam ödəniləcək.

“Sabah” – “Qəbələ” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün sözügedən klub 800 manat cərimə olunub.

“Sabah” və “Qəbələ” azarkeşləri arasında kütləvi dava və iğtişaş törədildiyinə görə hər iki klub ayrı–ayrılıqda 4000 manat cərimə olunub. “Qəbələ”nin azarkeşləri tərəfindən qaçış zolağına kənar əşyaların atılmasına görə sözügedən klub 1600 manat cərimə olunub. “Qəbələ” azarkeşləri tərəfindən stadiona ziyan dəydiyi üçün (73 ədəd plastik oturacağın sıradan çıxması faktı) dəymiş ziyan əyalət klubu tərəfindən tam ödəniləcək.

“Qəbələ” azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı) görə, bu klubun azarkeşlərinin stadiona girişinə 1 oyunluq qadağa qoyulub. Bu səbəbdən noyabrın 5-də, Premyer Liqanın 13-cü turunda keçiriləcək “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” azarkeşləri stadiona buraxılmayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: