Qurban Qurbanov üçün ikiqat yubiley

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov məşqçilik karyerasında 700-cü oyununu keçirib. Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssisin yubileyi Azərbaycan Premyer Liqasının 25-ci turuna təsadüf edib.

Onun rəhbərlik etdiyi Ağdam təmsilçisi səfərdə “Qəbələ” ilə qarşılaşıb. Təcrübəli mütəxəssisin yetirmələri bu görüşdə 3:1 hesablı əzmkar qələbəyə seviniblər.

Qəbələdəki qarşılaşma Qurbanovun bütün komandalarda və turnirlərdə ümumilikdə 700-cü matçı kimi tarixə düşüb. Burada cəza və ya digər səbəbdən texniki zonadan deyil, kənardan yetirmələrinə rəhbərlik etdiyi görüşlər də nəzərə alınıb.

Qurbanov baş məşqçi karyerasına 2006-cı ilin yayında başlayıb. O, karyerası ərzində üç komandaya rəhbərlik edib. Qurbanov “Qarabağ”dan başqa, “Neftçi”də 38, Azərbaycan millisində 12 oyunda iş başında olub.

“Qəbələ” ilə qarşılaşma Qurban Qurbanov üçün həm də “Qarabağ”ın sükanı arxasında 650-ci qarşılaşma olub. Mütəxəssis 2008-ci ilin yayından baş məşqçisi olduğu Ağdam klubunu səfər matçınadək 649 oyuna çıxarmışdı.

Xatırladaq ki, Qurbanovun baş məşqçi kimi debütü 2006-cı il avqustun 6-da reallaşıb. Onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib. Mütəxəssis bundan 2 il 3 gün sonra “Qarabağ”da debüt edib. Ağdam klubu səfərdəki çempionat matçında “Bakılı”ya qalib gəlib – 2:1.

Sonda onu da xatırladaq ki, Qurbanovun rəhbərlik etdiyi “Qarabağ” bu mövsüm növbəti çempionluğunu rəsmiləşdirməyə çox yaxın görünür. Komanda geridə qalan 25 turda 65 xal qazanıb və vahid liderdir. Ağdam təmsilçisinin ən yaxın izləyicisi “Sabah”ın isə 56 xalı var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: