“Qarabağ” və Musa Qurbanlı mütləq rekordun astanasında!

Futbol üzrə Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sumqayıt”ın qonağı olan “Qarabağ” 6:0 hesabı ilə qalib gəlib. Arena.az xəbər verir ki, bu nəticə sayəsində Qurban Qurbanovun yetirmələrinin səfərdəki məğlubiyyətsizlik seriyası 23-ə çatıb.

Ağdam klubu cari mövsüm rəqib meydanındakı 14 görüşdə uduzmayıb. Ötən mövsümün son 9 səfərində də xalsız qalmayan Qurbanovun yetirmələri sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”lə görüşdə məğlub olub 0 1:3. Rəqib meydanında keçirilən son 23 qarşılaşmada 19 qələbəsi olan ağdamlılar 4 dəfə heç-heçə edib.

Bununla da Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb. 1999-2001-ci illərdə ardıcıl 23 səfər oyunundan məğlubiyyətsiz ayrılan “Şəmkir” mütləq rekordçu idi. “Qarabağ” bu göstəricini 22 ildən sonra təkrarlamağa nail olub. Ağdamlılar növbəti səfər qarşılaşmasında yeni rekord müəyyənləşdirə bilərlər.

Ağdam klubunun hücumçusu Musa Qurbanlı isə “Sumqayıt”la oyunda 2 qola imza atıb. 21 yaşlı hücumçu bununla da cari mövsümdə vurduğu topların sayını 20-yə çatdırıb. Nəticədə gənc forvard bir rekordu yeniləyib, digərinə şərik çıxıb. Musa Premyer Liqanın PFL-in bayrağı altında keçirilməyə başladığı 2008-ci ildən sonra bir mövsümdə ən çox qol vuran azərbaycanlı futbolçu olub. O, 2020/21 mövsümündə 19 qol vuran Namiq Ələsgərovun göstəricisini arxada qoyub.

Yerli statusa malik futbolçunun ən azı 20 qol vurmasına sonuncu dəfə 2006/07 mövsümündə təsadüf olunub. Həmin vaxt “Xəzər Lənkəran”ın hücumçusu Zaur Ramazanov 20 dəfə fərqlənmişdi.

Qurbanlı həm də Ağdam klubunun tarixində bir mövsümdə ən çox qol vuran azərbaycanlı oyunçu adına şərik çıxıb. O, 2003/04 mövsümündə 20 dəfə fərqlənən Samir Musayevə çatıb. Hücumçunu klub tarixinin mütləq rekordçusu Reynaldodan 2 top ayırır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: