Futbol üzrə İngiltərə çempiontında (Premyer Liqa) mart ayının ən yaxşı oyunçusu və ən yaxşı baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, bu mükafatların hər ikisi “Arsenal” klubunun üzvlərinə qismət olub.
Belə ki, “topçular”ın yarımmüdafiəçisi Bukayo Saka fevralın ən yaxşı futbolçusu elan edilib. O, səsvermədə Aleksandr İsak (“Nyukasl”), Aleksis Makallister (“Brayton”), Tayron Minqs (“Aston Villa”), Məhəmməd Salah (“Liverpul”) və komanda yoldaşı Leandro Trossard kimi futbolçuları geridə qoyub.
London təmsilçisinin baş məşqçisi Mikel Arteta da geridə qoymaqda olduğumuz ayın ən yaxşı məşqçisi seçilib. Mart ayının ən yaxşısı olmağa Roberto De Zerbi (“Brayton”), Unai Emeri (“Aston Villa”) və Pep Qvardiola (“Mançester Siti”) da namizəd idi.
Xatırladaq ki, “Arsenal” mart ayında ölkə çempionatında keçirdiyi dörd oyunun hamısında qələbə qazanıb. Sözügedən kollektiv doğma meydanda “Everton” (4:0), “Bornmut” (3:2) və “Kristal Pelas”a (4:1), səfərdə isə “Fulhem”ə (3:0) qalib gəlib. Bukayo Saka bu qələbələrdə xüsusi pay sahiblərindən biri olub. Belə ki, İngiltərədən olan 21 yaşlı sağ cinah vingeri bu ay meydana çıxdığı 4 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bukayo Saka karyerasında ilk dəfədir ayın ən yaxşı futbolçusu seçilir. İngiltərə milli komandasının da üzvü olan futbolçu, yığmada 26 oyuna 8 qol vurub. O, yetirməsi olduğu “Arsenal”da indiyə qədər 169 matça çıxıb, 36 qol vurub və 39 məhsuldar ötürmə müəllifi olub.
Sonda Premyer Liqa çərçivəsində əvvəlki ayların ən yaxşı futbolçu və məşqçi seçimlərini bir daha xatırladırıq:
Ən yaxşı futbolçular
Avqust: Erlinq Haland (“Mançester Siti”)
Sentyabr: Markus Raşford (“Mançester Yunayted”)
Oktyabr: Migel Almiron (“Nyukasl”)
Noyabr: Martin Edeqor (“Arsenal”)
Dekabr: Martin Edeqor (“Arsenal”)
Yanvar: Markus Raşford (“Mançester Yunayted”)
Fevral: Markus Raşford (“Mançester Yunayted”)
Ən yaxşı məşqçilər
Avqust: Mikel Arteta (“Arsenal”)
Sentyabr: Erik ten Haq (“Mançester Yunayted”)
Oktyabr: Eddi Hau (“Nyukasl”)
Noyabr: Mikel Arteta (“Arsenal”)
Dekabr: Mikel Arteta (“Arsenal”)
Yanvar: Mikel Arteta (“Arsenal”)
Fevral: Erik ten Haq (“Mançester Yunayted”)


