Musa Qurbanlı İtaliyanın bu klubunun transfer hədəfidir

Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Musa Qurbanlı karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Arena.az xəbər verir ki, 20 yaşlı hücumçu “Torino” klubunun maraq dairəsinə düşüb.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. İddiaya görə, gənc forvardı Türkiyə təmsilçiləri də yaxından izləyir. Lakin onun Turin klubuna keçidinin daha inandırıcı olduğu yazılıb. Bildirilir ki, Musanın “Torino”ya transferində Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi də maraqlıdır. Turinlilər məhz italiyalı mütəxəssisin sayəsində Qurbanlının transferində üstünlük qazanmağa çalışırlar. Həmçinin klubun istedadlı oyunçunu heyətə cəlb etmək üçün “Qarabağ”ı qane edəcək təklif göndərməli olduğu da vurğulanır.

Qurbanlı “Torino”nun idman direktoru Davide Vaqnatinin əsas transfer hədəfidir. “Footballnews24.it” saytının yazdığına görə, gənc və maraqlı profillər axtarışında olan klubun skaut şöbəsinin rəhbəri hücum xəttini azərbaycanlı futbolçu ilə gücləndirməkdə maraqlıdır. Xviça Kvaratsxeliyanın “Napoli”dəki parlaq çıxışını nəzərə alan Vaqnati, daha bir qafqazlının A Seriyası üçün yeni kəşf olacağına inanır.

Xatırladaq ki, Musa Qurbanlı “Qarabağ”ın heyətində indiyə qədər 62 oyuna çıxıb. O, bu görüşlərdə 32 qol və 15 məsuldar ötürmə müəllifi olub. Gənc hücumçu daha öncə “Zirə”də də icarədə oynayıb və bu komandada 11 oyuna 2 qol vurub. Musa Azərbaycan milli komandasında da 6 oyuna 1 qolla yadda qalıb.

“Qarabağ”ın gənc forvardı bu mövsüm meydana çıxdığı 26 oyunda 20 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Onun ən yaxın izləyicisi komanda yoldaşı Ramil Şeydayevdir – 17 qol. “Sabah”dan Coy Lens Mikels 15, “Neftçi”nin kapitanı Emin Mahmudov isə 14 qol vura bilib.

Qurbanlının “Qarabağ”la müddəti 2026-cı ilin yayına qədər olan müqaviləsi var. Bu üzdən onu transfer etmək istəyən klub Ağdam təmsilçisinin tələb etdiyi məbləği də ödəməli olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: