Qurban Qurbanov 51 yaşında – VİDEO

Bu gün Azərbaycan yığmasının sabiq çalışdırıcısı, uzun illərdir “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanov 51 yaşını qeyd edir. Arena.az xəbər verir ki, Peşəkar Futbol Liqasının mətbuat xidməti bu münasibətlə onun haqqında xüsusi video material hazırlayıb.

Qısa filmdə təcrübəli məşqçi ilə yanaşı, böyük qardaşı Maarif Qurbanov, həmçinin, bir neçə yaxınının fikirlərinə yer verilib. Qurbanovun anadan olduğu Zaqatala rayonunun Aşağı Tala kəndinə baş çəkən PFL əməkdaşları onun həyatı ilə bağlı ailəsinin və qonşularının fikirlərini öyrəniblər.

Filmdə Qurbanov özü də arzularından söz açıb. O, ən böyük arzusunun artıq həyata keçdiyini söyləyib: “Son 4-5 ildə məndə bir arzu yaranmışdı ki, “Qarabağ”da olduğum müddətdə torpaqlarımızı geri qaytaraq. Bu həyata keçdikdən sonra yeni arzu haqda fikirləşməmişəm”.

Xatırladaq ki, Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatalanın Aşağı Tala kəndində anadan olub. Üç bacısı, iki qardaşı olan Qurban, valideynlərinin sonuncu övladıdır. Orta təhsilini Aşağı Tala kəndində alıb.

Uşaq vaxtlarından futbolla məşğul olub. 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu “Daşqın” klubuna gətirib. 9-cu sinfi bitirəndə həmin klubda əsas heyətdə oynamağa başlayıb.

2000-ci ildə ailə həyatı qurub. Musa adlı oğlu, həmçinin 2 qız övladı var. 20 yaşlı Musa hazırda “Qarabağ”ın və Azərbaycanın millisinin oyunçusudur.

Futbolçu karyerası ərzində Azərbaycanın “Daşqın” (Zaqatala), “Turan” (Tovuz), “Kür-Nur” (Mingəçevir), “Neftçi” (Bakı), “İnter” (Bakı) klublarında çıxış edib. O, Gürcüstanın “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel” (Voronej), “Baltika” (Kalininqrad), “Volqar” (Həştərxan) klublarında legioner həyatı da yaşayıb. Dörd dəfə Azərbaycan Premyer Liqasının, bir dəfə Azərbaycan kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub.

1992–2005-ci illər ərzində Azərbaycan millisinin heyətində 68 oyun keçirib, 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının “İnter” klubunun idman direktoru vəzifəsində çalışıb. 2006-2008-ci illərdə “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi “Qarabağ”ın baş məşqçisidir. O, Ağdam klubu ilə çoxsaylı titullar qazanıb, avrokuboklarda çoxsaylı ilklərə imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: