Xames Rodriqes “Olimpiakos”la vidalaşdı

Futbol üzrə Kolumbiya yığmasının hücumameyilli yarımmüdafiəçisi Xames Rodriqes Yunanıstanın “Olimpiakos” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə informasiyanı sözügedən klub rəsmi saytı vasitəsilə yayıb.

31 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Yunanıstan nəhəngi təcrübəli vingerə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. Ayrılığın səbəbləri açıqlanmayıb.

Xatırladaq ki, Xames “Olimpiakos”a 2022-ci ilin sentyabr ayında Qətərin “Əl Rayyan” klubundan azad agent kimi ayrılaraq keçmişdi. Həmin vaxt tərəflərin bir illik müqaviləyə imza atdıqları açıqlanmışdı. Təcrübəli oyunçu bu komandada bütövlükdə 23 oyuna çıxıb, 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xames Rodriqes peşəkar karyerasına Kolumbiyanın “Enviqado” klubunda başlayıb. Daha sonra o, Argentinanın “Banfild” klubuna transfer edilib. 2010-cu ildə Avropaya üz tutan yarımmüdafiəçi, əvvəlcə “Portu”da, daha sonra “Monako”da forma geyinib. 2014-cü ildə isə onu Madrid “Real”ı öz heyətinə qatıb. İspaniya nəhəngində oynadığı dönəmdə 2 il Almaniyanın “Bayern” klubuna icarəyə də verilmiş Xames, 2020/21 mövsümünü də “Everton”da keçirib. “Əl Rayyan” onu məhz İngiltərə klubundan 8 milyon avro qarşılığında transfer etmişdi. O, Kolumbiya yğmasında 90 oyuna çıxıb və 26 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: