Remi Kabella “Lill” ilə yeni müqavilə bağladı

Futbol üzrə Fransa milli komandasının hücumameyilli yarımmüdafiəçisi Remi Kabella “Lill” klubu ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, tərəflər arasındakı yeni sözləşmənin müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb. Yeni müqaviləyə əsasən 33 yaşlı futbolçunun qazancında da dəyişiklik edilib.

Xatırladaq ki, Remi Kabella 2022-ci ilin aprel ayında Rusiya təmsilçisi “Krasnodar”dan Fransa klubu “Monpelye”yə keçmişdi. Bir neçə ay orada çıxış etdikdən sonra təcrübəli futbolçu klubunu dəyişmiş və növbəti dayanacağı “Lill” olmuşdu. O, bu mövsümün əvvəlindən formasını geyindiyi Liqa 1 təmsilçisində bütün turnirlər daxil olmaqla 30 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə müəllifi olub.

Kabella karyerası ərzndə “Monpelye” (121 oyun, 28 qol, 18 assist), Marsel “Olimpik”i (81 oyun, 13 qol, 8 assist), “Sent-Etyen” (64 oyun, 17 qol, 12 assist), “Krasnodar” (62 oyun, 17 qol, 11 assist), “Nyukasl” (34 oyun, 1 qol, 2 assist) və “Arl-Avinyon” (18 oyun, 3 qol) kimi klubların da formasını geyinib. O, Fransa milli komandasında da 4 matç keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: