“Qəbələ”nin Braziliyadan olan müdafiəçisi Ruan Renato əyalət təmsilçisi ilə yeni müqavilə imzalamaq istəmir. Arena.az saytının əldə etdiyi məlumata görə, tərəflər arasındakı müqavilənin müddəti bu mövsümün sonunda – 30 iyunda bitəcək.
Bu üzdən “Qəbələ” rəhbərliyi digər oyunçular kimi, Renatoya da yeni müqavilə təklif edib. Amma mərkəz müdafiəçisi bu təklifi bəyənməyib. O, “Qəbələ”də qalmaq üçün ilinə 140 min avro tələb edib. Klub rəhbərliyinin onun bu istəyini yerinə yetirib-yetirməyəcəyi bilinmir.
Yeri gəlmişkən, Renatonun xidmətində maraqlı olan digər klublar da var. Onu heyətində görməyi arzulayan klublardan biri də “Zirə”dir. Paytaxt təmsilçisi Ruanı yeni mövsümdə heyətində görmək istəyir. Renato indiki komandasıyla ortaq məxrəcə gələ bilməsə, karyerasını “Zirə”də davam etdirə bilər. Təbii ki, ona “Zirə”dən də sərfəli təklif göndərən komanda olmasa.
Xatırladaq ki, Ruan Renato “Qəbələ”yə 2021-ci ilin avqustunda azad agent kimi gəlmişdi. 29 yaşlı müdafiəçi bu komandada 70 oyuna çıxıb. O, bu görüşlərdə 4 qol vurub, 1 məhsuldar ötürmə edib. Braziliyalı oyunçu daha öncə “Ponte Preta”, “Fiqeyrense”, “Yuventude”, “Austriya” (Vyana), “Vitoriya” və “Botafoqo” kimi klubların da uğurları üçün çalışıb.


