Levent Sürme: “Azərbaycan millisinə 4-5 qol vura bilərdik”

21 yaşadək futbolçulardan ibarət Türkiyə yığmasının baş məqşçisi Levent Sürme Azərbaycana qarşı keçirdikləri sınaq matçını şərh edib.

Arena.az xəbər verir ki, ötən gün İstanbuldakı “Esenyurt Necmi Kadıoğlu” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmadan sonra rəqib komandanın baş məşqçisi sərgilədikləri oyundan razı, nəticədən isə narazı qaldığını gizlətməyib:

“Təəssüf ki, matç 1:0 bitdi. Qarşılaşmaya baxanda daha bolqollu bir hesab gözləyirdik. Rəqibi çox təzyiq altında saxladıq. Top əlimizdə olarkən daim rəqib qapısı qarşısında təhlükə yaratmaq haqqında düşünürdük. Top saxlamağa çalışmırdıq. Belə bir istəyimiz də yox idi. Çoxlu hücumlar qurduq. Top itkilərindən sonrakı reaksiyamız da çox yaxşı idi. Rəqibə cəmi bir qol fürsəti verdik. Bu baxımdan hər şey yaxşıdır, amma dediyim kimi, təəssüf ki, hesab 1:0 oldu. Bu, istədiyimiz hesab deyil. Hətta 3-4-5, daha çox vura bilərdik. Hesabdan məmnun qalmasaq da, sərgilənən oyun baxımından çox sevincliyik”.

Levent Sürme iyunun 20-də qarşılaşacaqları Bosniya və Herseqovinanın U-21 yığmasının Azərbaycan millisindən daha güclü rəqib olduğunu bildirib: “Bosniya və Herseqovina yığması Azərbaycan millisi qədər geri çəkilməyəcək, bu, dəqiqdir. Onlar uzun ötürmələri sevirlər. Fiziki cəhətdən daha güclü komandadır. Bu rəqibi bilərəkdən seçdik. Çünki seçmə mərhələdəki ilk rəqibimiz İrlandiya yığması olacaq. Hansı ki, bu iki komanda bənzər üslubda oyun sərgiləyirlər. Bu, bizim üçün çox yaxşı sınaq olacaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: