İngiltərə yığmasının və “Arsenal”ın vingeri Bukayo Saka Türkiyədə zəlzələdən zərər çəkmiş 26 ailəni mənzillə təmin edib.
Arena.az bu barədə “BigShoe” xeyriyyə layihəsinin bəyanatına istinadən xəbər verir.
Saka “BigShoe” xeyriyyə layihəsinin təşkil etdiyi aksiyada iştirak edib. O, Türkiyənin şərqində Adıyaman, Kahramanmaraş və Malatyada ailələrin mənzil haqqını ödəyib. Bu ailələr yataq otağı, qonaq otaqları, mətbəx və vanna otağı olan konteynerlərdə yerləşdiriləcək.
“Başının üstündə damı olan hər kəs özünü şanslı hesab edə bilər. Fəlakət onların sahib olduqları hər şeyi bu insanlardan alıb və bu onların günahı deyil. Onlara kömək etmək, onlara nəsə vermək mənim üçün çox şey deməkdir”, deyə 21 yaşlı Bukayo Saka bildirib.
Xatırladaq ki, fevral ayında Türkiyə və Suriyada güclü zəlzələ baş verib. Türkiyənin 11 vilayətində 50500 nəfər ölüb, 107204 nəfər yaralanıb. Zəlzələdən ən azı 15,73 milyon insan və 4 milyon bina zərər çəkib.


