Ötən gün Laurentsiu Regekampfla yollarını ayıran “Neftçi”nin yeni baş məşqçisinin türkiyəli Sərgən Yalçın olması gözlənilir.
Amma iyunun 20-də Bakıya gələn 50 yaşlı mütəxəssislə ölkəmizdəki bir günlük səfəri zamanı tam razılıq əldə olunmayıb.
Sərgənlə danışıqlar ən yüksək səviyyədə aparılıb. Belə ki, onu “Neftçi”nin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf qəbul edib.
Tərəflər görüş zamanı ümumi fikir mübadiləsi aparıblar, öz tələblərini və şərtlərini dilə gətiriblər. Amma yekun razılıq əldə olunmayıb. Bunda həm maliyyə şərtlərinin, həm də tələblərin tam uyğun olmaması sözünü deyib. Nəticədə həm klub rəhbərliyi, həm də türkiyəli mütəxəssis düşünmək, yekun qərar vermək üçün zaman istəyib.
Türkiyə mətbuatının iddiasına görə, Sərgən ilinə 4-5 milyon avro maaş tələb edib. Klub rəhbərliyi isə onun bu tələbi qarşısında danışıqları dayandırıb. Əslində isə türkiyəli mütəxəssis özü üçün 2 milyon dollar istəyib. O, son olaraq 1,5 milyondan az maaşa çalışmayacağını bildirib. “Neftçi” rəhbərliyi də bunun qarşılığında çempionluq və avrokuboklarda qrup mərhələsinə vəsiqə tələbini irəli sürüb.
Sərgən yüksək nəticə tələbi qarşılığında buna uyğun transferlərin edilməsini istəyib. Onun istədiyi futbolçuların sayı, transfer məbləğləri, aylıq maaşları isə heç də az deyil. Üstəlik, Yalçın “Neftçi”yə öz köməkçiləri ilə gələcək ki, onların da məvacibləri bütövlükdə az məbləğ etmir. SOCAR rəhbərliyi bu sövdələşməyə getmək üçün təxminən bir ilə 10 milyon dollar xərcləməlidir. Komandanın digər oyunçularının məvacibləri və əlavə xərclər də nəzərə alınsa, bu, bir Azərbaycan klubu üçün kifayət qədər ciddi büdcə deməkdir.
Zaman “Neftçi”nin əleyhinə işləyir
Bu üzdən SOCAR rəhbərliyi də qərar verməkdə tələsmir. Ola bilsin ki, Sərgənin tələbləri ağır olduğu üçün onunla əldə olunmuş ilkin razılığa xitam verilsin. Amma digər tərəfdən baş məşqçi postu ilə bağlı qərarın ən qısa zamanda verilməsinə ehtiyac var. Məsələ burasındadır ki, komandanı qarşıda Rusiyada toplanış və turnir, həmçinin Avropa Konfrans Liqasında mübarizə gözləyir. “Neftçi”də isə həm baş məşqçinin kimliyinə aydınlıq gəlməyib, həm də heyətlə bağlı qeyri-müəyyənlik davam edir. Kimlərin qalacağı, kimlərin gedəcəyi bilinmir, heyətə hansı futbolçuların cəlb olunacağına da yeni baş məşqçi qərar verməlidir. Bir sözlə, zaman “Neftçi”nin əleyhinə işləyir. Tələsik qərar vermək isə həm milyonların, həm də daha bir ilin itirilməsi bahasına başa gələ bilər.
Yekunda Sərgən Yalçın ilə danışıqlar müsbət yekunlaşmasa, “Neftçi” başqa məşqçi axtarmaq məcburiyyətində qalacaq. Amma klub rəhbərliyinin fərqli planlarının olub-olmadığı məlum deyil. Digər tərəfdən ötən gün Regekampfın istefaya göndərilməsi də göstərir ki, rəhbərlik bütün riskləri gözə alıb. Əks halda rumıniyalı mütəxəssis belə bir vaxtda komandadan göndərilməzdi.
İstənilən halda, “Neftçi” rəhbərliyi yaxın saatlarda Sərgən Yalçına yekun qərarını bildirməlidir. Türkiyəli mütəxəssis ya tezliklə yenidən Bakıya gəlib, rəsmi müqaviləyə imza atacaq və yeni komandasındakı işinə start verəcək, ya da “Fənərbaxça”dan aldığı iddia olunan təklifi götür-qoy etməli olacaq.
Yeri gəlmişkən, “Neftçi”dən istefaya göndərilən Laurentsiu Regekampfın klubdan aldığı təzminatın məbləği də bəlli olub. “Ağ-qaralar” rumıniyalı mütəxəssislə müqaviləni vaxtından əvvəl pozduğu üçün ona 45 000 avro ödəyib. 48 yaşlı çalışdırıcı ilə yanaşı, onun köməkçiləri ilə də yollar ayrılıb.
Xatırladaq ki, Regekampfın “Neftçi” ilə 2024-cü ilin yayınadək müqaviləsi var idi. Müqavilənin vaxtından əvvəl pozulması halında ona 100 min avro təzminat ödənilməli idi. Lakin tərəflər arasında aparılan danışıqların yekununda o, kluba təxminən 50 faizlik güzəşt edib və 45 min avro ilə kifayətlənib.



