Lion “Olimpik”i Samuel Umtitini qaytarmağı düşünür

Lion “Olimpik”i hazırda müqavilə ilə “Barselona”ya məxsus olan sabiq müdafiəçisi Samuel Umtitini komandaya geri qaytarmağı düşünür.

Arena.az bu barədə “Sport.es” portalına istinadən xəbər verir.

Mənbənin məlumatına görə, kamerunəsilli fransalı müdafiəçinin transferi ilə bağlı tərəflər arasında danışıqlar uğurla davam edir. “Barselona” Umtiti ilə ayrılmağa qarşı deyil və 29 yaşlı müdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam vermək variantını nəzərdən keçirir.

Fransa klubu da sabiq müdafiəçisinin marağındadır. Xatırladaq ki, Umtiti Lion təmsilçisinin yetirməsidir. Umtiti məhz “Olimpik”də dünya futbolunun ulduzuna çevrilib və 2016-cı ildə “Barselona”ya transfer edilib.

2022/2023 mövsümündə Umtiti icarə əsasında “Leççe”də çıxış edib, 25 oyun keçirib. Umtitinin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Samuel Umtitini 4 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanı klublarının da Umtiti ilə maraqlandığı bildirilirdi.

Yeri gəlmişkən, “Olimpik” PSJ-nin yetirməsi olan 18 yaşlı yarımmüdafiəçi Mahamadu Diavaranı heyətinə qatıb. Əslən Malidən olan fransalı futbolçu ilə 4 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Lion “Olimpik”i Almaniyadan olan qapıçısı Yulian Pollersbeklə də yollarını ayırıb. 28 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Tərəflər arasındakı sözləşmənin müddəti 2024-cü ilin yayında bitməli idi.

Yulian Pollersbek 2020-ci ilin yayından “Olimpik”də çıxış edirdi. Daha çox ehtiyat qapıçı funksiyasını yerinə yetirən almaniyalı futbolçu bu komandada 11 matça çıxıb, 16 qol buraxıb. Karyerası ərzində “Hamburq” və “Kayzerslautern” kimi klubların da formasını geyinmiş Pollersbek bundan sonra “Maqdeburq”un uğurları üçün çalışacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: