“Barselona” Samuel Umititi ilə müqaviləni ləğv etdi

İspaniya çempionu “Barselona” Fransa milli komandasının da üzvü olan müdafiəçisi Samuel Umtiti ilə yollarını ayırıb.

Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir.

29 yaşlı futbolçu ilə 2026-cı ilin yayına qədər olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Təcrübəli oyunçunun karyerasını harada davam etdirəcəyi hələ tam dəqiqləşməyib.

Xatırladaq ki, Samuel Umtiti “Barselona”ya 2016-cı ilin iyul ayında Lion “Olimpik”indən 25 milyon avroya transfer olunmuşdu. O, Kataloniya təmsilçisində bütövlükdə 133 oyun keçirib, 2 qol və 1 assist müəllifi də olub. Umtiti bu komanda ilə 2 dəfə İspaniya çempionu olub, 3 dəfə ölkə kubokunu və 2 dəfə İspaniya Super Kubokunu qazanıb.

Samuel ötən mövsümü icarə əsasında İtaliyanın “Leççe” klubunda keçirib. O, A Seriyası təmsilçisində 25 oyun keçirib. Umtitinin “Olimpik” kayrerası isə 170 oyun, 5 qol və 3 assistdən ibarətdir.

Umtiti Fransa yığmasında da 31 oyun keçirib və 4 qola imza atıb. O, millinin heyətində DÇ-2018-in qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: