“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriyadakı təlim-məşq toplanışını və yoxlama oyunlarını dəyərləndirib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Ağdam klubunun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Hazırlığımız pis getmir. Futbolçular çox yükləniblər. Heç bir futbolçuya keçirilən iki yoxlama matçında 90 dəqiqə oynamağa şərait yaratmadıq. Hər iki oyunda komandadan razı qaldım. Yorğun olmalarına baxmayaraq, ciddi səhvləri nəzərə almasaq, düzgün oynamağa çalışdılar. Get-gedə daha da yaxşılaşacaq. Hamı ürəkdən məşq edir, bu hazırlığa çox ciddi yanaşır. Qarşıda 3-cü oyunumuz var. O oyuna kimi daha yaxşı olacaq”.
Qurban Qurbanov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” komandasına qarşı keçirəcəkləri görüşə ciddi hazırlaşdıqlarını vurğulayıb: “İlk oyunda ola bilər ki, istədiyimiz performansda olmayaq. Həm texniki, həm də fiziki cəhətdən çatışmazlıqlarımız ola bilər. Buna baxmayaraq, oyuna çox ciddi yanaşırıq. İnanıram ki, futbolçularımız “Linkoln”la oyunda öz optimal formalarına yaxın olacaqlar. Futbolçularıma təşəkkür edirəm. Bütün məşqlərdə çox məsuliyyətlidirlər. Əsas məni qane edən budur. Qarşıdakı günlərdə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.
Xatırladaq ki, “Qarabağ” Avstriyadakı təlim-məşq toplanışında Macarıstanın “Ferentsvaroş” komandası ilə məhsuldar heç-heçəyə razılaşıb – 3:3. Ötən gün baş tutan Polşanın “Legiya” (Varşava) komandası ilə oyun isə ağdamlıların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Azərbaycan çempionu sonuncu sınaq matçını Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı keçirəcək.
“Qarabağ”ın “Linkoln”la ilk oyunu iyulun 11-də Cəbəllüttariqdə, cavab görüşü isə ayın 19-da Bakıda baş tutacaq.


