Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Musa Qurbanlı karyerasını İsveçdə davam etdirməyə hazırlaşır.
Arena.az xəbər verir ki, 21 yaşlı hücumçu “Yurqorden” klubuna keçmək üzrədir.
Artıq klublar arasında razılıq əldə olunub. Futbolçunun özü isə yeni klubu ilə bütün məsələləri yerində razılaşdırmaq üçün bu gün İsveçə yollanıb. Tərəflər arasında 3 illik müqavilə imzalanması gözlənilir. Bu keçid üçün İsveç təmsilçisi Ağdam klubuna 500 min avro ödəyəcək. Futbolçunun özü isə “Yurqorden”də ilinə 200 min avro qazanacaq.
Xatırladaq ki, Musa Qurbanlı “Qarabağ”ın heyətində indiyə qədər 68 oyuna çıxıb. O, bu görüşlərdə 33 qol və 15 məsuldar ötürmə müəllifi olub. Gənc hücumçu daha öncə “Zirə”də də icarədə oynayıb və bu komandada 11 oyuna 2 qol vurub. Musa Azərbaycan milli komandasında da 7 oyuna çıxıb, 1 qolla yadda qalıb.
Qurbanlının “Qarabağ”la müddəti 2026-cı ilin yayına qədər olan müqaviləsi var. Bu üzdən onu transfer etmək istəyən klub Ağdam təmsilçisinin tələb etdiyi məbləği ödəməlidir. Lakin azərbaycanlı futbolçunun öz istəyi ilə legioner həyatı yaşamaqda maraqlı olması klubun ona güzəşt etməsinə şərait yaradıb. Ağdam təmsilçisi “Yurqorden”dən böyük məbləğ tələb etməyib.
Son aylarda Musa Qurbanlının İtaliyanın “Torino”, Türkiyənin “Kasımpaşa”, Avstriyanın “Zalsburq” klublarının da maraq dairəsində olduğuna dair xəbərlər dolaşırdı. Lakin göründüyü kimi, azərbaycanlı futbolçunu heyətində görməkdə daha çox maraqlı olan İsveç təmsilçisi olub.
Sonda onu da qeyd edək ki, Musa “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.


