Qurban Qurbanov: “Komandamda psixoloji yorğunluq var idi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Linkoln”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin 51 yaşlı çalışdırıcısı 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Hava şəraitinə görə onlara oynamaq asan deyildi. Amma bir neçə epizodu çıxsaq, 90 dəqiqə ərzində çox diqqətli oldular. Sadəcə, bir-iki epizod zamanı bir az diqqətsizlik oldu”.

Azərbaycan və Cəbəllüttariq çempionları arasındakı ilk qarşılaşma rəqib meydanında – “Viktoriya” stadionunda baş tutub. Süni örtüklü meydanda və isti hava şəraitində keçirilən matç Ağdam klubu üçün uğursuz başlayıb. İlk hissəni 0:1 məğlub başa vuran komandamız fasilədən sonra vurduğu qollar sayəsində əzmkar qələbəyə sevinib.

Qurban Qurbanov bu çətinliklərlə yanaşı, rəqibi tərifləməyi də unutmayıb: “Rəqib komanda çox təcrübəli oyunçulardan qurulub. Hər birinin son nöqtəni qoymaq bacarığı var. “Linkoln” təxminən bizim düşündüyümüz kimi oynadı. Komandamda psixoloji yorğunluq həddindən artıq çox idi. Buna baxmayaraq, özlərini sona qədər düzgün idarə edə bildilər. Hətta sonda qələbə qolunu da vura bildilər. Futboloçularımın oyuna yanaşmasından razı qaldım”.

Xatırladaq ki, bu iki komanda arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Həmin oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Bu cütün qalibi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: