11 milyona alınmış Lua Openda 43 milyona satıldı

Futbol üzrə Belçika millisinin və Fransanın “Lans” klubunun hücumçusu Lua Openda “Leypsiq”ə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Almaniya klubu bu transfer üçün fransızlara 43 milyon avro ödəyib. 23 yaşlı futbolçu ilə də 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb. Openda yeni komandasında 17 nömrəli formanı geyinəcək.

Lua Openda “Brügge”nin yetirməsidir. O, bu klubda olarkən “Vitess”ə icarəyə də verilib. “Lans” bu hücumçunu ötən ilin iyulunda “Brügge”dən 11,8 milyon avroya transfer etmişdi. Gənc futbolçu geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 42 oyunda 21 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Openda Belçika yığmasında da 9 oyuna çıxıb, 2 qol vurub.

“Leypsiq” öz yarımmüdafiəçisi Tom Krausu da Bundesliqanın digər təmsilçisi “Maynts”a satıb. Klub bu transferdən 5 milyon avro qazanıb. 22 yaşlı futbolçunun yeni klubu onunla uzunmüddətli müqavilə imzalandığını açıqlasa da, dəqiq tarixləri göstərmək istəməyib.

Tom Kraus “Leypsiq”in öz yetirməsidir. O, son mövsümlərdə “Nürnberq” və “Şalke”də icarədə də oynayıb. Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da forma geyinmiş futbolçu “Leypsiq”in əsas komandasında cəmi 1 matça çıxıb.

Yeri gəlmişkən, Opendanı “Leypsiq”ə satan “Lans” da yeni futbolçu cəlb edib. Liqa 1 təmsilçisi Kolumbiya yığmasının və bu ölkənin “Millonarios” klubunun hücumameyilli yarımmüdafiəçisi Oskar Kortesi transfer edib. 19 yaşlı futbolçunun transferi yeni klubuna 4,5 milyon avroya başa gəlib. Onunla 5 illik müqavilə imzalanıb. “Millonarios”un öz yetirməsi olan Oskar, bu klubun əsas komandasında 28 oyuna 7 qol və 5 assistlə yadda qalıb. O, bu il Kolumbiya yığmasında da debüt edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: