Portuqaliyanın “Trofense” klubunun portuqal qapıçısı Tyaqo Fernando Penela Silva bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 23 yaşlı qolkiperlə 2+1 illik müqavilə imzalanıb.
Sonuncu iş yeri “Trofense” olan Tyaqo Silva karyerası ərzində “Vitoriya” (Gimaraynş) və “Leyşoyş” klublarının da formasını geyinib. O, 2022-ci ilin yayında keçdiyi “Trofense”də 22 oyuna 28 qol buraxıb. Qapıçının hesabında 6 “quru” matç da var. O, Portuqaliyanın U-15, U-16, U-18 və U-19 yığmalarında da forma geyinib.
Xatırladaq ki, “Zirə” daha öncə Məqsəd İsayev və Ruan Renatonu transfer etmiş, həmçinin “Qarabağ”dan İsmayıl İbrahimlini, “Şamaxı”dan isə Fuad Bayramovu icarəyə götürmüşdü. Hacıağa Hacılı, Anar Nəzirov və Rüstəm Əhmədzadə ilə də yeni müqavilə imzalanıb. Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileu, Ruslan Abışov, Cəlal Hüseynov, Sərtan Taşkın, Məhəmməd Hamdaui, Donald Gerye və Nemanya Andelkoviç isə komandanı tərk ediblər.


