Elmar Baxşıyev: “Onlar daha artığını edəcəyi ilə bağlı siqnal verir”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Türkiyədə “Qostivar”a (Şimali Makedoniya) qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, “qırmızı-qaralar”ın çalışdırıcısısı 3:1 hesablı qələbəyə sevindikləri matçdan sonra klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Təlim-məşq toplanışı çərçivəsində üç oyun keçirməyi planlaşdırırdıq. Bunu da gerçəkləşdirdik. Hazırlıq prosesini zədəsiz başa vurmağımız sevindiricidir. Ən önəmli amillərdən biri də budur. Bu üç matçın faydalı olduğunu düşünürəm. Bütövlükdə toplanış da bizim üçün faydalı alındı. Çünki komanda yenidir və bu müddətdə futbolçular bir-birinə daha da uyğunlaşdılar. Ümumilikdə üç görüşü dəyərləndirsək, komanda hər qarşılaşmada hansısa bir aspektdə inkişaf etdi. Bu, bizi sevindirir”.

Elmar Baxşıyev Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Kipr “Omoniya”sı ilə oyunlara da toxunub:

“Omoniya” ilə ilk matça qədər bir az da vaxtımız var. Düşünürəm ki, həmin müddətdən daha da yaxşı istifadə edəcək və futbolçuları ilk görüşə hazırlayacağıq. Seçdiyimiz oyunçular daha artığını edəcəyi ilə bağlı siqnal verir. Matçdan-matça daha məzmunlu, daha keyfiyyətli futbol nümayiş etdirəcəyik. Komanda şəklində gündən-günə daha yaxşı olmağa çalışacağıq”.

Xatırladaq ki, “Qəbələ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışında üç yoxlama oyunu keçirib. Baxşıyevin yetirmələri Moldova “Sukleya”sına da 4:2 hesabıyla qalib gəlmişdilər. Rusiya “Orenburq”u ilə sınaq matçında isə qalib müəyyənləşməmişdi – 1:1.

Toplanışı başa vuraraq vətənə qayıdan “Qəbələ” “Omoniya” ilə oyunlara doğma meydanda hazırlaşacaq. Azərbaycan təmsilçisinin Kipr klubu ilə oyunları iyulun 27-də və avqustun 3-də baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: