“Barselona”nın sabiq prezidenti Xosep Bartomeu klubun pullarını şəxsi ehtiyaclarına xərcləməkdə ittiham edilir.
Arena.az bu barədə “Cadena SER”ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Kataloniya polisi 2014-2020-ci illərdə “Barselona”nın prezidenti vəzifəsində çalışmış Bartomeunun özünün seçki kampaniyasının təşkilində ona köməklik edən dostlarının şirkətindən klubun vəsaitlərini çıxarmaq üçün istifadə etdiyini müəyyən edib.
112 səhifəlik hesabatda Bartomeunun dostu Mikel Sambolaya məxsus olan, “Barselona”dan 2020-ci ilə qədər ildə 84 min avro alan “Amalgama Marketing” şirkətindən xüsusilə bəhs edilir. Bundan əlavə, şirkət kluba fərdi iş üçün – məsələn, Lionel Messini “Qızıl top”un favoriti kimi tanıtmaq kampaniyasına görə haqq müəyyən edib. Müvafiq xidmətlərə görə “Amalgama Marketing” daha 223 min avro alıb.
Ümumilikdə şirkət vasitəsilə çıxarılan pulun təxminən 86%-i jurnalistlərin və iş adamlarının arasında bölüşdürülüb. İş adamı Xosep Sanmarti ümumi məbləğin 43%-ni, jurnalist Marsal Lorente 29%-ni, şirkət sahibi Mikel Sambola 14%-ni, qalan jurnalistlər – Albert Lesan və Albert de la Torre isə qalan 14%-ni bölüşdürüblər.
Xatırladaq ki, hazırda “Barselona” ağır maliyyə böhranı keçirir və klub maliyyə tənəzzülünə yuvarlanır. Kataloniya klubunun rəhbərliyi tədbirli davranaraq klubu düşdüyü vəziyyətdən çıxarmağa çalışır.
Xatırladaq ki, 60 yaşlı Xosep Bartomeu 2014-2020-ci illər aralığında “Barselona”ya rəhbərlik edib.


