Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” klubunda ilk rəsmi matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı forvardın debütü İsveç çempionatının 16-cı turu çərçivəsində baş tutan “Elfsborq”la ev oyununa təsadüf edib.
Liderlə görüş “Yurqorden” üçün uğursuz alınıb. Futbolçumuzun komandası doğma meydanda böyük hesabla məğlub olub – 0:4. Maraqlıdır ki, bu, sözügedən klubun cari mövsümdəki ilk ev məğlubiyyəti olub.
Musa Qurbanlı bu görüşün 58-ci dəqiqəsində meydana buraxılıb. Amma millimizin forvardı komandasını biabırçı yenilgidən xilas edə bilməyib.
“Yurqorden” bu mövsüm keçirdiyi 17 oyunda 30 xal toplayıb və 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Komanda 9 qələbə qazanıb, 3 heç-heçə edib və 5 məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, Musa bu ayın əvvəlində “Qarabağ”dan “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.


