Elmar Baxşıyev: “Ruhdan düşmürük, futbolçulara inanıram”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Omoniya”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Kipr klubuna doğma meydanda 2:3 hesabı ilə uduzduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Bizi ağır matç gözlədiyini bilirdik. Rəqib təcrübəli komandadır. Cavab görüşündə daha yaxşısını etməyə çalışacağıq. Bu rəqibə qarşı oynamaq olar. Ruhdan düşmürük. Bu qədər azarkeşin tribunalarda yer alması sevindiricidir. Çempionat qarşılaşmasında da belə olmasını istəyirik”.

Elmar Baxşıyev oyun keyfiyyətini bəyəndiyini bildirib: “Bu matçı analiz edib qarşıdakı görüşə hazırlaşacağıq. Qapıçını dəyişmək fikrimiz yoxdur. Ona inanırıq. Roman Bezusun da keyfiyyətli futbolçu olduğunu bilirdik”.

Baş məşqçi qapılarına təyin olunan penalti ilə bağlı da danışıb: “Bizim çempionatda belə epizodlara 11 metrlik cərimə zərbəsi vermirlər. Bunun üzərində çox qalmaq istəmirəm. Futbolçulara inanıram. Kiprdə layiqli mübarizə aparacağımıza ümid edirəm”.

“Qəbələ”dən belə oyun gözləmirdik”

“Omoniya”nın baş məşqçisi Sofronis Avqusti isə matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Komandamı təbrik edirəm. Birinci hissədə çoxlu səhv oldu. Artıq bunları təkrarlamamalıyıq. Tezliklə cavab görüşünün hazırlığına başlayacağıq. “Qəbələ”dən belə oyun gözləmirdik. Onlar əks-hücumda yaxşı təsir bağışladılar. Amma biz də buna yaxşı reaksiya verdik. Nəticəyə görə çox xoşbəxtik. Bizim üçün önəmli qələbə idi. Birinci yarıda rəqib, ikinci hissədə isə biz daha yaxşı mübarizə apardıq. Cavab matçında daha fərqli “Omoniya” görəcəksiniz”.

Xatırladaq ki, bu komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra Kiprdə baş tutacaq. Avqustun 3-də keçiriləcək həmin oyuna saat 21:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: